“Qalatasaray”dan ayrılan Mauro İkardinin gələcəyi ilə bağlı yeni iddia ortaya çıxıb. İtaliya A Seriyası təmsilçisi “Lazio” argentinalı hücumçunu heyətinə qatmaq üçün hərəkətə keçib.

Metbuat.az İtaliya mediasına istinadla xəbər verir ki, “Lazio” 33 yaşlı futbolçuya illik 3 milyon avro maaş təklif etməyi planlaşdırır. İtalyan klubu İkardinin azad agent statusunda olmasından yararlanaraq onun transferi üçün təzminat ödəməyəcək.

“Lazio”nun təklif etdiyi 3 milyon avronun klubun mövcud maaş büdcəsi üçün yüksək rəqəm olduğu bildirilir. Buna baxmayaraq, İtaliya təmsilçisi hücum xəttini təcrübəli forvardla gücləndirmək üçün maliyyə şərtlərini maksimum həddə çatdırmağa hazırdır.

İkardinin “Qalatasaray”dakı dördillik macərası başa çatıb. Argentinalı futbolçu İstanbul klubunun heyətində keçirdiyi 134 oyunda 77 qol vurub və 25 məhsuldar ötürmə edib. Onun növbəti klubunun “Lazio” olub-olmayacağı isə yaxın günlərdə bəlli olacaq.