“Qalatasaray”da stabil çıxışı ilə diqqət çəkən Roland Şallaiyə İngiltərə Premyer Liqasından maraq var.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, “Tottenham” 29 yaşlı macar futbolçunun transfer şərtləri ilə bağlı məlumat toplayıb və onun vəziyyətini yaxından izləyir. London klubunun Şallaiyə marağının yeni olmadığı bildirilir.

Macar futbolçu yeni mövsümə də uğurlu başlayıb. Superliqanın 2-ci turunda “Erzurumspor FK” ilə keçirilən və “Qalatasaray”ın 4:0 hesablı qələbəsi ilə başa çatan oyunda komandasının ilk qolunu Şallai vurub. O, çempionatın ilk iki turunda ümumilikdə 156 dəqiqə meydanda olub.

“Tottenham”la yanaşı, “Nottingham Forest”, “Fulham” və “Hull City” də futbolçunun oyununu izləyir. Xüsusilə “Fulham”ın Şallai üçün daha əvvəl “Qalatasaray”a təxminən 10 milyon avro təklif etdiyi, lakin İstanbul klubunun bu təklifi qəbul etmədiyi bildirilir.

May ayında “Qalatasaray”ın futbolçu üçün ən azı 15 milyon avro tələb etdiyi barədə məlumat yayılmışdı. Hazırda isə İstanbul təmsilçisinin Şallainin satışından təxminən 20 milyon avro gəlir gözlədiyi iddia olunur.

“Qalatasaray”ın mövqeyini gücləndirən əsas amillərdən biri də futbolçunun uzunmüddətli müqaviləsidir. Klub 2024-cü ilin sentyabrında Şallaini “Freiburg”dan transfer edib. Macarıstan millisinin üzvünün “Qalatasaray”la müqaviləsi 30 iyun 2028-ci ilədək qüvvədədir.

Şallainin bir neçə mövqedə çıxış edə bilməsi də onun komandadakı əhəmiyyətini artırır. Bu səbəbdən “”alatasaray” rəhbərliyinin 29 yaşlı futbolçunun mümkün transferi ilə bağlı tələsməyəcəyi gözlənilir.