Nepalda baş verən güclü sel zamanı məktəb direktorunun vaxtında verdiyi qərar 900 şagirdin həyatını xilas edib.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, Nuvakot rayonunda yerləşən Tribhuvan Trishuli Orta Məktəbinin direktoru Rajendra Davadi sel təhlükəsi ilə bağlı bir neçə dəqiqə ərzində dörd ayrı xəbərdarlıq alıb. O, vaxt itirmədən dərsləri dayandıraraq məktəbdəki 900 şagirdi daha yüksək və təhlükəsiz əraziyə təxliyə edib.

Şagirdlərin təhlükəsiz əraziyə çatdırılmasından qısa müddət sonra sel suları məktəbin ərazisini basıb. Direktor bildirib ki, qərarı cəmi 10 dəqiqə gec versəydi, nəticələr faciəvi ola bilərdi. O, hadisə zamanı məktəbin yaxınlığındakı yataqxana binasının da sel sularının altında qaldığını görüb.

16 yaşlı şagird Yunisha isə hadisədən cəmi bir neçə saniyə fərqlə xilas olduqlarını deyib. Onun sözlərinə görə, digər şagirdlərlə birlikdə məktəbin yaxınlığındakı dar və palçıqlı yolla daha yüksək əraziyə doğru qaçıblar.

Qeyd edək ki, Nepal-Tibet sərhədində baş verən təbii fəlakət nəticəsində ölənlərin sayının 900-ə yaxınlaşdığı, minlərlə insanın isə itkin düşdüyü bildirilir. Fəlakətin buzlaq parçalanması nəticəsində yaranan sel və torpaq sürüşmələri ilə əlaqəli olduğu açıqlanıb.