“Beşiktaş” heyətini gücləndirmək üçün “Barselona”nın gənc yarımmüdafiəçisini transfer siyahısına daxil edib.
Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, İstanbul təmsilçisinin əsas hədəfi 22 yaşlı Mark Kasadodur. “Beşiktaş” futbolçu üçün İspaniya klubuna satınalma şərtli icarə təklifi göndərib.
Klub prezidenti Serdal Adalının baş məşqçi Vinçenso İtalianonun 6 nömrəli oyunçu istəyinə uyğun olaraq transfer çalışmalarını davam etdirdiyi bildirilir. Kasadonun müdafiə xəttinin qarşısında çıxış edə bilməsi onun “Beşiktaş” üçün əsas namizədlərdən birinə çevririb.
“Barselona”nın isə transfer pəncərəsinin bağlanmasına az vaxt qalması səbəbindən futbolçu ilə bağlı mövqeyini dəyişə biləcəyi qeyd olunur. İspaniya klubunun daha əvvəl Kasado üçün 20-25 milyon avro tələb etdiyi, lakin transfer müddətinin sonuna yaxın daha aşağı məbləğə razılaşa biləcəyi bildirilir.
“Beşiktaş”ın isə ilk mərhələdə oyunçunu icarəyə götürərək mövsümün sonunda müəyyən edilmiş şərtlər əsasında onun transfer hüquqlarını əldə etməyi planlaşdırdığı vurğulanır.
Kasado “Barselona”nın yetirməsidir və klubun əsas komandasında da forma geyinib. Gənc futbolçunun həm texniki imkanları, həm də müdafiə yönümlü oyun tərzi səbəbindən “Beşiktaş”ın orta sahəsində vacib alternativə çevrilə biləcəyi gözlənilir.
İstanbul klubunun transfer pəncərəsi bağlanana qədər yarımmüdafiəçi mövqeyinə yeni futbolçu cəlb etmək üçün danışıqları davam etdirəcəyi bildirilir.