“Fənərbağça”da yeni mövsüm öncəsi heyətlə bağlı dəyişikliklər davam edir.
Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, İstanbul təmsilçisinin rəhbərliyi 4 futbolçu ilə yolları ayırmaq qərarına gəlib.
Klubun İdarə Heyətinin üzvü Cihan Kamer heyətdə aparılacaq dəyişikliklərlə bağlı açıqlama verib.
Onun sözlərinə görə, Rodrigo Beçao, Dieqo Karlos, Çağlar Söyüncü və Anderson Taliska yeni mövsüm planlarında yer almayacaq. Klub rəhbərliyi bu futbolçularla yolları ayırmağı planlaşdırır.
Cihan Kamer Ceyden Oosterwolde ilə bağlı da məlumat verib. Bildirilib ki, niderlandlı müdafiəçi “Roma”ya transferinin tibbi müayinədə aşkarlanan problem səbəbindən baş tutmamasından sonra komandada qalacaq.
Oosterwolde-nin yeni mövsümdə əsas heyətdən kənarda, rotasiya oyunçusu kimi nəzərdə tutulduğu qeyd edilib.
Klub rəsmisi həmçinin müdafiəçinin zədə səbəbindən əməliyyat olunacağını açıqlayıb.