“Qalatasaray” transfer çalışmalarında daha bir mühüm addım atıb. İstanbul nəhəngi Almaniyanın “Leypsiq” klubunda çıxış edən 21 yaşlı fransalı müdafiəçi El-Şadail Biçşiabunu heyətinə qatmağa çox yaxındır.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, gənc futbolçu artıq İstanbula gəlib. Onu hava limanında az sayda “Qalatasaray” azarkeşi qarşılayıb. Pasport prosedurlarından sonra futbolçu jurnalistlərin qarşısına çıxaraq açıqlama verib.

Fransalı stoper İstanbul səfərindən və “Qalatasaray”a keçidindən məmnun olduğunu bildirib:

“Çox xoşbəxtəm. Ümid edirəm ki, burada böyük uğurlar qazanacağıq. “Qalatasaray” ailəsi və azarkeşlərlə tanış olmaq üçün çox səbirsizlənirəm”.

“Qalatasaray” isə futbolçunun transferi ilə bağlı ilk rəsmi addımı atıb. Klub KAP-a göndərdiyi açıqlamada El-Şadail Biçşiabunun müvəqqəti transferi üçün həm futbolçu, həm də onun klubu “RasenBallsport Leipzig GmbH” ilə rəsmi danışıqlara başlanıldığını bildirib.

21 yaşlı müdafiəçinin tibbi müayinədən keçəndən sonra rəsmi müqaviləyə imza atması gözlənilir. Fransalı futbolçunun “Qalatasaray”a icarə əsasında keçəcəyi bildirilir. Razılaşmada satınalma opsiyasının da olması gözlənilir.

Biçşiabu Bitshiabu 2023-cü ildə PSJ-dən “Leypsiq”ə 15 milyon avro qarşılığında transfer olunub. Gənc müdafiəçinin Almaniya klubunda 48 rəsmi oyunda meydana çıxdığı bildirilir. Onun “Leypsiq”lə müqaviləsi 2029-cu ilin iyununa qədər qüvvədədir.