“Beşiktaş” transfer pəncərəsinin bağlanmasına az vaxt qalmış daha bir futbolçunu heyətinə qatmaq üçün hərəkətə keçib.
Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbul təmsilçisi 25 yaşlı belçikalı yarımmüdafiəçi Nikola Raskin üçün Şotlandiyanın “Reyncers” klubu ilə razılıq əldə edib.
“Beşiktaş” rəhbərliyi futbolçunun da transferə razılıq verməsini gözləyir. Razılıq əldə olunacağı təqdirdə Raskinin gün ərzində xüsusi təyyarə ilə İstanbula gətirilməsi və müqavilənin rəsmiləşdirilməsi planlaşdırılır.
Klubun əsas məqsədlərindən biri futbolçunun sənədlərini vaxtında tamamlayaraq onu UEFA Avropa Liqası üçün təqdim ediləcək heyətə daxil etməkdir. Bu səbəbdən transfer üzrə danışıqlar son saatlarda sürətləndirilib.
Raskin artıq 3,5 mövsümdür “Reyncers”in formasını geyinir. Belçikalı futbolçu Şotlandiya klubunda keçirdiyi 149 oyunda 13 qol vurub və 23 məhsuldar ötürmə edib.
“Beşiktaş”ın bu transferlə orta sahəyə daha bir alternativ qazandırmaq istədiyi bildirilir. Raskinin keçidi üçün isə futbolçunun şəxsi şərtlərlə bağlı son qərarı gözlənilir.