ABŞ-nin Venesueladakı 17 neft yatağında 100 illik istismar hüququ əldə etməsi qlobal enerji bazarında diqqətçəkən hadisə kimi qiymətləndirilir.
Metbuat.az xəbər verir ki, dünyanın ən böyük təsdiqlənmiş neft ehtiyatlarına malik Venesuelada təxminən 303 milyard barel neft ehtiyatı var. Ağ Evin açıqlamasına əsasən, ABŞ-la əlaqəli “North American Blue Energy Partners” şirkətinə 17 yataq üzrə uzunmüddətli imtiyaz veriləcək. Bildirilir ki, həmin yataqlarda təxminən 65 milyard barel təsdiqlənmiş neft ehtiyatı mövcuddur. Analitiklərin fikrincə, Venesuela nefti ABŞ üçün enerji təhlükəsizliyi və qlobal bazardakı mövqeyi baxımından strateji əhəmiyyət daşıyır. Məlumata görə, Venesuelanın ağır nefti ABŞ-nin Meksika körfəzi sahillərindəki bir sıra neft emalı zavodlarının texniki imkanlarına uyğundur. Eyni zamanda, bu addımın Çin və Rusiyanın Latın Amerikasındakı iqtisadi və siyasi müdaxiləsinə də təsir göstərə biləcəyi qeyd olunur.
Bildirilir ki, Çin son illərdə Venesuela neftinin əsas alıcılarından birinə çevrilib və ölkə ilə milyardlarla dollarlıq neft əlaqəli maliyyə münasibətlərinə malikdir. Analitiklər ABŞ-nin Venesuela neftinə nəzarətinin artmasının Çinlə enerji rəqabətində Vaşinqtonun mövqeyini gücləndirə biləcəyini düşünürlər.