Fransanın cənub-qərbində yerləşən kiçik bir kənd hər il öz əhalisinin sayından minlərlə dəfə çox turist qəbul edir.
Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, Dordogne çayının sahilində, 130 metrdən yüksək əhəngdaşı qayalıqlarının ətəyində yerləşən La Roque-Gageac kəndinin daimi əhalisi təxminən 400 nəfərdir. Buna baxmayaraq, kəndi hər il 1 milyondan çox turist ziyarət edir.
La Roque-Gageac Perigord Noir bölgəsində, Sarlat-la-Kaneda şəhərinin qərbində yerləşir. Kəndi fərqləndirən əsas xüsusiyyətlər onun tarixi memarlığı və qeyri-adi coğrafi mövqeyidir. Buradakı bəzi evlər birbaşa qayalıqlara oyulub. Tikililərin əksəriyyətində isə bölgəyə xas sarı əhəngdaşından istifadə olunub.
Kənddə qədim yaşayış izləri Qallo-Roma dövrünə gedib çıxır. Orta əsrlərdə La Roque-Gageac strateji əhəmiyyətli yaşayış məntəqələrindən biri olub. Qayalıqlara oyulmuş mağara qalasından Yüzillik müharibə zamanı müdafiə və müşahidə məqsədilə istifadə edilib.
Kənd XVII əsrə qədər mühüm çay limanı kimi də fəaliyyət göstərib. Buradan duz, taxta, yağ, şabalıd və şərab kimi müxtəlif məhsullar ənənəvi çay gəmiləri ilə Bordoya daşınıb.
La Roque-Gageac 1943-cü ildə qorunan ərazi elan edilib. 1982-ci ildən isə Fransanın “Ən gözəl kəndləri” siyahısına daxil edilib.
Kəndin turistlər arasında məşhur olmasının səbəblərindən biri də burada formalaşan xüsusi mikroiqlimdir. Qayalıqlar şimal küləklərinin qarşısını alır və günəş istiliyini saxlayır. Nəticədə kənddə banan, əncir, palma, kaktus, bambuk və begonvil kimi ekzotik bitkilərin yetişdiyi bağ da salınıb.
Kəndin qarşısından keçən Dordogne çayı da bölgənin əsas təbii sərvətlərindən biridir. Çay 2012-ci ildə UNESCO tərəfindən Dünya Biosfer Qoruğu statusuna layiq görülüb.