“Qalatasaray” azarkeşləri pis xəbər alıb. Komandanın əsas futbolçuları Viktor Osimen və Mario Leminanın zədələri ilə bağlı son durum bəlli olub.
Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, hər iki futbolçunun zədəsinin gözlənildiyindən daha ciddi olduğu müəyyənləşib. “Başakşehir”lə oyunda meydanı vaxtından əvvəl tərk edən Osimen və Lemina tibbi müayinədən keçirilib.
Müayinələrin nəticəsinə əsasən, hər iki futbolçunun sağ adduktor, yəni qasıq əzələləri nahiyəsində orta-ağır dərəcəli dartılma və qanama aşkarlanıb. Futbolçuların müalicəsinə başlanılıb.
Türkiyə mətbuatında yayılan məlumata görə, Osimen və Leminanın təxminən 3 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir. Bu halda hər iki futbolçu “Sportinq”, “Kocaelispor” və “Trabzonspor”la qarşılaşmaları buraxa bilər.
Xüsusilə Osimenin yoxluğu “Qalatasaray” üçün ciddi itki hesab olunur. Komandanın əsas hücum silahlarından biri olan nigeriyalı futbolçunun qarşıdakı vacib matçlarda iştirak etməməsi baş məşqçi Okan Buruku heyət seçimi baxımından çətin vəziyyətdə qoya bilər.
Qeyd edək ki, “Qalatasaray” ötən cümə günü “Başakşehir”i 3:2 hesabı ilə məğlub edib. Lakin İstanbul təmsilçisi görüşü iki əsas futbolçusunun zədələnməsi ilə başa vurub.