Bir vaxtlar eyni binada yaşayan insanlar bir-birinin qapısını döyür, qonşusunun dərdindən xəbər tutur, uşaqlar birlikdə oynayır, həyətlərdə uzun söhbətlər edilirdi. İndi isə eyni mərtəbədə yaşayan insanların bir-birinin adını bilməməsi o qədər də təəccüblü deyil.

Bəs bizi qonşularımızdan uzaqlaşdıran nədir?

Metbuat.az xəbər verir ki, psixoloqların fikrincə, böyük şəhər həyatı insan münasibətlərini də dəyişdirib. İş, tıxac, gündəlik qayğılar, maddi problemlər və sürətli həyat tempi insanların ünsiyyətə ayırdığı vaxtı azaldır. İnsan səhər evdən çıxır, gününü işdə keçirir, axşam yorğun halda evinə qayıdır. Qapı bağlanır və gün ərzində qarşılaşdığı onlarla insanla əlaqə də sanki həmin qapının arxasında qalır.

Xüsusilə yeni yaşayış komplekslərində bu mənzərə daha aydın görünür. Eyni binada yüzlərlə ailə yaşasa da, sakinlərin bir-birini tanımaması mümkündür. İnsanlar daha çox öz mənzilinin, işinin və ailəsinin daxilində qapanır. Əvvəlki məhəllə və həyət münasibətlərini isə lift qarşısında qısa salamlaşmalar əvəz edir.

Psixoloq Vüsalə Rüstəm də şəhər həyatının insanların sosial münasibətlərinə təsir etdiyini deyib. Onun sözlərinə görə, şəhərdəki sıxlıq, iş yerindəki gərginlik və gündəlik stress insanları emosional olaraq yükləyir. “Əvvəllər insanların arasında qohumluq və dostluq münasibətləri daha güclü olub, indi isə insanların getdikcə təklənməsi müşahidə olunur. Şəhərdə yaşayış mühitinin dəyişməsi də qonşuluq münasibətlərinə təsir göstərir. Köhnə məhəllələrdə illərlə formalaşan münasibətlər binaların sökülməsi və insanların başqa ərazilərə köçməsi ilə dağıla bilir”.

Eyni mərtəbə, fərqli həyat:

Fotoda: psixoloq Vüsalə Rüstəm

Vüsalə Rüstəmin sözlərinə görə, insan belə hallarda yalnız evini deyil, həm də formalaşdırdığı sosial və psixoloji rahatlıq zonasını itirir.

Əslində, qonşuluq münasibəti sadəcə bir-birinə salam verməkdən ibarət deyil. Qapının döyüləndə kömək edə biləcək birinin olduğunu bilmək, uşağın küçədə təhlükəsiz olduğuna əmin olmaq və ehtiyac yarananda yaxınlıqda etibar edə biləcəyin insanın olması sosial həyatın vacib hissəsidir.

Bəlkə də müasir şəhərin ən böyük paradokslarından biri budur: insanlar əvvəlkindən daha çox insanın arasında yaşayır, amma bir-birinə əvvəlkindən daha uzaq və tənhadır.