“Qalatasaray”ın ulduz futbolçusu İlkay Gündoğan İstanbulda yeni daşınmaz əmlak yatırımı ilə gündəmə gəlib.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, təcrübəli yarımmüdafiəçi İstanbulun ən prestijli ərazilərindən biri olan Zincirlikuyuda yerləşən lüks rezidensiyadan mənzil alıb. Mənzilin dəyərinin 250 milyon türk lirəsi (təxminən 8 milyon manat) olduğu bildirilir.

Məlumata görə, Gündoğan bundan əvvəl ailəsi ilə Göktürkdə yaşayırdı. Ailənin genişlənməsindən sonra futbolçunun şəhər mərkəzinə daha yaxın ərazidə yeni mənzil almağa qərar verdiyi qeyd olunur.

İlkay Gündoğan 2022-ci ildə italiyalı model və aparıcı Sara Arfaoui Gündoğan ilə ailə həyatı qurub. Cütlüyün Kais və Ella adlı iki övladı var. Bu ilin aprelində onların Kian Leone adlı üçüncü övladı dünyaya gəlib.

Qeyd edək ki, bu, Gündoğanın İstanbulda ilk daşınmaz əmlak yatırımı deyil. Futbolçunun daha əvvəl Göktürkdə ev aldığı bildirilir. Yeni mənzil isə həm yerləşdiyi ərazi, həm də yüksək qiyməti ilə diqqət çəkir.