Arda Gülerin “Real Madrid”də ardıcıl olaraq ilk əvəzlənən futbolçu olması İspaniya mətbuatında müzakirələrə səbəb olub.

Metbuat.az xəbər verir ki, “Mundo Deportivo”nun yazarı Xavier Bosc Madrid klubunun “Real Betis”ə məğlubiyyətindən sonra baş məşqçi Joze Mourinyonun qərarlarını tənqid edib. İspaniyalı jurnalistin fikrincə, Arda Gülerin meydanda göstərdiyi performansa baxmayaraq ilk növbədə oyundan çıxarılması yalnız taktiki səbəblərlə izah oluna bilməz. Məlumata görə, Mourinyonun qərarlarının komandadakı ulduz futbolçuların statusu və soyunma otağındakı münasibətlərlə əlaqəli olduğu iddia edilir.

Yazıda qeyd olunur ki, Kilian Mbappe və Vinisius Juniorun əvəzlənməməsi Ardanın yenidən meydanı tərk edən ilk futbolçu olmasına gətirib çıxarıb. Bosc “Real Betis”lə qarşılaşmada türkiyəli futbolçunun komandanın hücumlarını yönləndirən əsas oyunçulardan biri olduğunu və onun çıxarılmasından sonra Madrid təmsilçisinin əvvəlki oyun keyfiyyətini itirdiyini vurğulayıb. İspaniyalı jurnalist həmçinin Ardanın sakit və intizama uyğun davranışının Mourinyo tərəfindən sui-istifadə edildiyini iddia edib.

Qeyd olunub ki, gənc futbolçunun yaxşı çıxış etməsinə baxmayaraq davamlı şəkildə ilk əvəzlənməsi gələcəkdə “Real Madrid”də narazılığa və böhrana səbəb ola bilər.