Azərbaycan Prezidenti İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII qurultayında çıxışı ölkənin gələcək siyasi, iqtisadi və təhlükəsizlik gündəliyinə dair mühüm mesajlarla yadda qaldı. Prezident çıxışında Azərbaycanın əldə etdiyi tarixi zəfərdən sonrakı mərhələdə qarşıda duran vəzifələri, dəyişən regional reallıqları və ölkənin müstəqil siyasət kursunu önə çəkdi.
Ərazi bütövlüyünün və suverenliyin qorunması, güclü ordu, iqtisadi dayanıqlıq, Qarabağ və Şərqi Zəngəzurun bərpası, Böyük Qayıdış, tranzit imkanlarının genişləndirilməsi və Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsi çıxışın əsas istiqamətləri oldu.
Bəs Prezidentin Azərbaycanın zəfərdən sonrakı mərhələsi ilə bağlı çıxışı hansı mesajları verir?
Milli Məclisin deputatı Arzu Nağıyev Metbuat.az-a açıqlamasında YAP-ın VIII qurultayının Azərbaycanın siyasi həyatında yeni mərhələyə təsadüf etdiyini bildirib. Onun sözlərinə görə, bu mərhələ ölkənin ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunması ilə xarakterizə olunur:

Fotoda: millət vəkili Arzu Nağıyev
“Prezident İlham Əliyev də öz çıxışında xüsusi vurğuladı ki, bu qurultay Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyi yeni reallıq şəraitində keçirilir. Cənab Prezident bunu Azərbaycanın qarşısında duran bir sıra tarixi vəzifələrin həyata keçirilməsinin mühüm nəticəsi kimi qeyd etdi.
Zəfərin qeyd olunması, təbii ki, böyük əhəmiyyət daşıyır. Lakin Prezidentin çıxışında əsas məqamlardan biri zəfərdən sonrakı mərhələnin mahiyyətinə aydınlıq gətirilməsi idi. Azərbaycan artıq öz təhlükəsizliyini, hərbi və iqtisadi potensialını daha da gücləndirməli, beynəlxalq mövqelərini möhkəmləndirməli və yeni regional reallıqlardan milli inkişaf naminə istifadə etməlidir. Prezident məhz bunları qarşıda duran əsas vəzifələr kimi qeyd etdi.
Burada əsas məqamlardan biri də müdafiə və təhlükəsizlik xərclərinin artırılması ilə bağlı müzakirələrdir. Bəzi dairələr çalışırlar ki, bu məsələyə diqqət çəkərək, müdafiə və təhlükəsizlik xərclərinin nə üçün artırıldığını gündəmə gətirsinlər. Lakin cənab Prezident də öz çıxışında qeyd etdi ki, bu addımlar sülhün bərqərar olması istiqamətində atılan addımlarla yanaşı, Azərbaycanın sərhədlərindən çox da uzaq olmayan ərazilərdə müharibələrin getməsi fonunda ölkəmizin daha güclü olması zərurətindən irəli gəlir”.
Deputat Arzu Nağıyev Prezidentin çıxışında Azərbaycanın zəfərdən sonrakı mərhələdə qarşısında duran əsas inkişaf istiqamətlərinin də müəyyənləşdirildiyini vurğulayıb:
“Cənab Prezident Azərbaycanın qarşısında duran əsas məsələlərdən biri kimi hərbi gücün artırılmasını, iqtisadi müstəqilliyin daha da möhkəmləndirilməsini, Qarabağ və Şərqi Zəngəzurun bərpasını, Böyük Qayıdışın davam etdirilməsini və Azərbaycanın tranzit imkanlarının genişləndirilməsini xüsusi vurğuladı.
Orta müddətdə ölkə ərazisindən keçən tranzit yük həcminin 30 milyon tona çatdırılması hədəfi Azərbaycanın nəqliyyat və logistika imkanlarının strateji əhəmiyyətini göstərir. Bu, Azərbaycanın regional nəqliyyat-logistika mərkəzi kimi mövqeyinin daha da gücləndirilməsi baxımından mühüm hədəfdir.
Cənab Prezidentin çıxışında ən mühüm mesajlardan biri də zəfərin əldə edilməsindən sonra qarşıda yeni və məsuliyyətli mərhələnin dayandığını vurğulaması idi. Bu yanaşma çox mühüm əhəmiyyət daşıyır. Suverenliyin bərpası son deyil, yeni inkişaf mərhələsinin başlanğıcıdır.
Qarabağın və Şərqi Zəngəzurun gücləndirilməsi, güclü ordunun formalaşdırılması, iqtisadi dayanıqlığın təmin edilməsi, nəqliyyat və enerji layihələrinin inkişaf etdirilməsi, insanların öz doğma torpaqlarına qayıdışının davam etdirilməsi, bütün bunlar çox mühüm məsələlərdir. Eyni zamanda, Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmləndirilməsi əsas istiqamətlərdən biridir”.
Deputatın sözlərinə görə, bu baxımdan qurultayın əsas xəttini Azərbaycanın əldə etdiyi zəfərin davamlı inkişaf və dövlət gücünün möhkəmləndirilməsi ilə tamamlanması təşkil edir:
“Zənnimcə, bu baxımdan VIII qurultay həm də “Gələcəyə baxış qurultayı” kimi xarakterizə oluna bilər. Azərbaycanın qarşısında artıq işğal olunmuş ərazilərin azad edilməsi deyil, əldə edilmiş suverenliyin və ərazi bütövlüyünün dövlət gücünün davamlı şəkildə möhkəmləndirilməsi, ölkənin regional və beynəlxalq əhəmiyyətinin daha da artırılması vəzifəsi dayanır.
Cənab Prezidentin çıxışında Azərbaycanın öz imkanlarına arxalanması xətti də çox mühüm əhəmiyyət kəsb edir. Siyasi müstəqillik, iqtisadi müstəqillik, güclü hərbi potensial və milli imkanlardan maksimum istifadə, düşünürəm ki, Ali Baş Komandanın uzunmüddətli inkişaf strategiyasının əsas dayaqları kimi təqdim olundu.
Yəni VIII qurultayın əsas mesajını belə ifadə etsək, Azərbaycan tarixi zəfərlərlə öz suverenliyini təmin edib. İndi isə həmin zəfərin nəticələrini davamlı inkişaf, təhlükəsizlik və güclü dövlət quruculuğu ilə möhkəmləndirmək qarşıda duran əsas vəzifədir.
Eyni zamanda, cənab Prezident bir sıra dövlətlərə də mühüm mesajlar ötürdü. Bu mesaj ondan ibarət idi ki, Azərbaycan bu gün müstəqildir, öz siyasətini suveren və müstəqil şəkildə həyata keçirir və balanslı siyasətini qoruyur. Bizim üçün kiminsə istiqamət göstərməsi və ya “bunu belə et” deməsi əhəmiyyət kəsb etmir. Çünki biz müstəqilik.
Azərbaycan bu gün çox çətin sınaqlardan keçərək böyük nailiyyətlər əldə edib. Prezidentin çıxışında da vurğulanan əsas məqam Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin qorunması, eyni zamanda hər bir Azərbaycan vətəndaşının rifahının təmin edilməsidir”.
Ağ Partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı Metbuat.az-a açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının (YAP) VIII qurultayındakı çıxışı son dövrlərin diqqət çəkən siyasi çıxışlarından biri olub. Onun sözlərinə görə, 57 dəqiqəlik çıxışda həm cəmiyyəti maraqlandıran məsələlərə, həm də Azərbaycanın regional və beynəlxalq mövqeyinə dair mühüm mesajlar verilib:

Fotoda: Ağ Partiya sözçüsü Cavanşir Abbaslı
“Azərbaycan Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII qurultayındakı çıxışı və verdiyi mesajlar, hesab edirəm ki, son zamanlarda onun ən çox diqqət çəkən çıxışlarından biri idi. Prezident 57 dəqiqəlik çıxışında bir çox istiqamətlərə toxundu, cəmiyyəti maraqlandıran məsələlərdən bəhs etdi. İnsanların cavabını axtardığı bir sıra suallar həmin çıxışda öz əksini tapdı.
Xüsusilə Prezident Azərbaycanın rolunu daha qabarıq şəkildə ortaya qoydu, bəzi qonşu dövlətlərin və dünyanın ayrı-ayrı ölkələrinin Azərbaycanla bağlı xoşagəlməz davranışlarına qarşı mövqeyini nümayiş etdirdi.
Prezident açıq şəkildə bildirdi ki, Vətən müharibəsində biz öz gücümüzə arxalanmışıq. Dolayısı ilə, cümlə məhz bu formada səslənməsə də, çıxışdan aydın şəkildə anlaşılırdı ki, biz torpaqlarımızı şəhidlərimizin qanı və qazilərimizin şücaəti hesabına azad etmişik. Düşünürəm ki, bu, hər bir azərbaycanlının qəlbindən gələn bir mövqedir.
Bundan əlavə, Azərbaycan Prezidenti hər hansı dövlətin kimliyindən asılı olmayaraq, Azərbaycanla bağlı atılan addımlara adekvat cavab veriləcəyini bəyan etdi. Bu da yerində verilmiş mühüm mesaj idi. Azərbaycan öz ordusunu qurub, silah-sursatını əldə edib və öz gücünə arxalanaraq ərazi bütövlüyünü bərpa edib”.
Cavanşir Abbaslı Prezidentin çıxışında qlobal güc balansı ilə bağlı səsləndirilən fikirlərin də xüsusi diqqət çəkdiyini qeyd edib:
“Azərbaycan Prezidenti bəzi məsələlərlə bağlı çox diqqətçəkən fikirlər səsləndirdi. Məsələn, İlham Əliyev bildirdi ki, dünyada iki supergüc var. Bunlardan biri Amerika Birləşmiş Ştatları, digəri isə Çindir.
Bu fikir diqqət çəkdi. Çünki indiyə qədər “iki supergüc” deyəndə bir çoxları ABŞ və Rusiyanı nəzərdə tuturdu. Lakin İlham Əliyev ikinci supergüc kimi Çini göstərdi.
Düşünürəm ki, bu, dünyada səsləndirilmiş diqqətçəkən fikirlərdən biri idi. Belə yanaşmalar kulislərdə səslənə bilərdi. Amma dövlət başçısı səviyyəsində bu fikrin açıq şəkildə ifadə olunması diqqət çəkdi. Eyni zamanda, bu yanaşmanın real əsasları da var”.
Siyasi şərhçi vurğulayıb ki, Prezidentin çıxışında sosial və regional inkişaf məsələləri ilə yanaşı, Azərbaycanın müstəqil siyasət kursunun davam etdirilməsi ilə bağlı mesajlar da xüsusi yer tutub:
“Azərbaycan daim balanslı siyasət yürüdüb və bundan sonra da bu siyasəti davam etdirəcək. Azərbaycan müstəqil ölkədir və heç bir dövlətin diktəsi ilə hərəkət etmir. Milli maraqlara əsaslanan qərarlar və balanslı xarici siyasət bundan sonra da davam etdirilməlidir”.
Gülbəniz Hüseynli / Metbuat.az
Məqalə Media və Yayım Şurasının maliyyə dəstəyi ilə “ictimai və dövlət maraqlarının müdafiəsi” mövzusu üzrə dərc olunub.
