“Fənərbağça”nın futbolçusu Meyson Qrinvudun Bakıda keçirdiyi hazırlıq matçında gördüyü qırmızı kart Türkiyədə müzakirə mövzusuna çevrilib.
Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, İngiltərə millisinin keçmiş üzvü “Turan Tovuz”la qarşılaşmada rəqibinə qarşı etdiyi kobud hərəkətdən sonra meydandan qovulub. Hadisə zamanı qarşılaşmada gərginlik yaşanıb və oyun bir müddət dayanıb.
Qrinvudun qırmızı kart görməsinə səbəb rəqib futbolçuya topsuz vəziyyətdə etdiyi hərəkət olub. Qarşılaşmanın hazırlıq oyunu olması isə bu kartın Türkiyə çempionatına təsir edib-etməyəcəyi ilə bağlı sual yaradıb.
Türkiyə mətbuatının yazdığına görə, Qrinvudun Super Liqada cəzalandırılıb-cəzalandırılmayacağını müəyyənləşdirəcək əsas məqamlardan biri hakim hesabatıdır. Bakıda keçirilən görüşün baş hakimi Rəvan Həmzəzadənin epizodu hesabatında necə qeyd etməsi prosesin sonrakı mərhələsinə təsir göstərə bilər.
Bildirilir ki, qırmızı kartın səbəbi və hadisənin hakim hesabatında hansı formada əks olunması nəzərə alınaraq intizam tədbiri görülməsi mümkündür. Bu halda Qrinvud Türkiyədə “Fənərbağça”nın rəsmi oyunlarından birində cəza səbəbindən iştirak etməyəcək.
Qeyd edək ki, “Fənərbağça” Bakıda “Turan Tovuz”a qarşı keçirdiyi hazırlıq görüşündə 2:0 hesabı ilə qalib gəlib. Qrinvudun qırmızı kartından sonra tərəflərin razılığı ilə qarşılaşma 11 nəfərlə davam etdirilib.