Azərbaycanda son illərdə bir sıra rayon və şəhərlərin icra başçıları vəzifələrindən azad ediliblər. Onların bəziləri başqa vəzifələrə keçib, bəziləri isə postdan getdikdən sonra yeni dövlət vəzifəsinə təyin olunmayıb. Sabiq icra başçıları arasında hazırda həbsdə olanlar da var.
Son illərdə vəzifəsini itirən icra başçılarının sonrakı taleyi ictimaiyyət üçün maraq doğurur.
Metbuat.az sabiq icra başçıları ilə bağlı məlumatları təqdim edir:
Asif Əsgərov uzun müddət Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı olub. O, 2024-cü il sentyabrın 23-də Prezident İlham Əliyevin sərəncamı ilə bu vəzifədən azad edilib. Əsgərov hazırda icra başçısı deyil. O, 2024-cü il sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərində deputat seçilib və hazırda Milli Məclisin üzvüdür.

Fotoda: Asif Əsgərov
Süleyman Mikayılov 7 il Yardımlı, 5 il Lənkəran, 16 il isə Qaradağ Rayon İcra Hakimiyyətinə rəhbərlik edib. O, 2026-cı il yanvarın 30-da Prezidentin sərəncamı ilə vəzifəsindən azad olunub. Hazırda Qaradağ rayonuna Natiq Əliyev rəhbərlik edir. Mikayılovun vəzifədən azad edilməsindən sonra yeni dövlət vəzifəsinə təyin olunması barədə açıq rəsmi məlumat yoxdur.

Fotoda: Süleyman Mikayılov
Gəncənin sabiq icra başçısı Elmar Vəliyev də uzun müddət bu vəzifədə çalışıb. O, 2018-ci il avqustun 28-də Prezidentin sərəncamı ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bundan əvvəl, həmin ilin iyulunda Gəncədə silahlı hücuma məruz qalan Vəliyev müalicə üçün xaricə göndərilmişdi. Vəzifədən getdikdən sonra o, yeni dövlət vəzifəsinə təyin olunmayıb.

Fotoda: Elmar Vəliyev
Ayaz Əsgərov 2016-cı ildən Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışırdı. O, 2026-cı il sentyabrın 15-də Prezidentin sərəncamı ilə vəzifəsindən azad edilib. Əsgərovun vəzifədən getməsindən sonra yeni dövlət vəzifəsinə təyin olunması barədə hazırda açıq rəsmi məlumat yoxdur.

Fotoda: Ayaz Əsgərov
Rəcəb Rəhimli Naxçıvan Muxtar Respublikasının Ordubad Rayon İcra Hakimiyyətinin başçısı olub. O, 2026-cı il avqustun 4-də vəzifəsindən azad edilib. Həmin gün Ordubad rayonuna yeni icra başçısı təyin olunub. Rəhimlinin bundan sonra hansı vəzifədə çalışdığı ilə bağlı məlumat yoxdur.

Fotoda: Rəcəb Rəhimli
Qaxın sabiq icra başçısı Musa Şəkiliyevin taleyi isə digər keçmiş həmkarlarından fərqlidir. O, 2025-ci ilin iyununda Dövlət Təhlükəsizliyi Xidmətinin Qax Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı saxlanılıb. Şəkiliyev qulluq mövqeyindən istifadə etməklə xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəməkdə ittiham olunur. 2026-cı il iyulun 14-də onun həbs müddəti daha 6 ay uzadılıb.

Fotoda: Musa Şəkiliyev
Balakənin sabiq icra başçısı İslam Rzayev də hazırda həbsdə olan keçmiş icra başçılarındandır. O, 2025-ci ilin oktyabrında DTX-nin Balakən Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyatdan sonra saxlanılıb. Rzayevə külli miqdarda mənimsəmə və təkrar rüşvət alma ittihamları irəli sürülüb. 2026-cı il avqustun 31-də onun həbs qətimkan tədbirinin müddəti daha 3 ay uzadılıb.

Fotoda: İslam Rzayev