İstanbulun “Qalatasaray” klubunun maliyyə vəziyyəti ilə bağlı açıqlanan rəqəmlər müzakirə mövzusuna çevrilib. Türkiyə təmsilçisinin ümumi borc və öhdəliklərinin 860 milyon avroya çatdığı bildirilib.

Metbuat.az yerli mediaya istinadən xəbər verir ki, “Qalatasaray” rəsmisi Ertay Örmen oktyabr ayı toplantısında klubun maliyyə göstəriciləri ilə bağlı diqqətçəkən rəqəmlər açıqlayıb.

Örmenin sözlərinə görə, “Qalatasaray”ın şərti öhdəliklər də daxil olmaqla ümumi borc və öhdəlikləri 45,7 milyard türk lirəsidir. Bu məbləğin təxminən 860 milyon avroya bərabər olduğu qeyd olunub.

O bildirib ki, klubun gəliri 23,8 milyard lirə təşkil etsə də, 3,4 milyard lirə zərər qeydə alınıb. Örmen son iki ildə fəaliyyət üzrə zərərin 155 milyon avroya çatdığını da vurğulayıb.

Klub rəsmisi həmçinin 31 may 2027-ci ilədək “Qalatasaray”ın qısamüddətli xalis pul ehtiyacının 17 milyard lirə, yəni təxminən 324 milyon avro olduğunu açıqlayıb. Onun sözlərinə görə, bu göstərici yaxın gələcəkdə klub üçün ciddi likvidlik problemi yarada bilər.

“Qalatasaray”ın prezidenti Dursun Özbek isə səsləndirilən fikirlərə münasibət bildirib.

Özbek klubun böyüməsi və yeni obyektlərin yaradılması ilə bağlı planların həyata keçirilməsi üçün maliyyə borclanmasına ehtiyac olduğunu deyib. O, “Bankalar Birliyi”nin tərkibində qalacaqları təqdirdə bəzi layihələri reallaşdıra bilməyəcəklərini bildirib.

Klub prezidenti son 1,5 il ərzində daşınmaz əmlaka 70 milyon avro sərmayə qoyulduğunu da açıqlayıb.

“Biznesdə maliyyə borcunun olması təbiidir. Burada əsas məsələ borcun nisbətidir”, - deyə Özbek vurğulayıb.