“Qalatasaray”da milli futbolçu Barış Alper Yılmazla bağlı yeni qərar verilib. Klub rəhbərliyi 26 yaşlı hücumçunun maaşını ciddi şəkildə artırmağı və onunla yeni müqavilə imzalamağı planlaşdırır.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, “Qalatasaray” rəhbərliyi Barış Alper Yılmazın müqaviləsini yeniləmək üçün hərəkətə keçib. Hazırda 2028-ci ilə qədər müqaviləsi olan futbolçu ilə mövsüm ərzində yeni anlaşmanın imzalanması gözlənilir.

Klub rəhbərliyinin bu addımla həm futbolçunun komandadakı motivasiyasını artırmaq, həm də son illərdəki inkişafını maaş artımı ilə qiymətləndirmək istədiyi bildirilir.

Baş məşqçi Okan Burukun da Barış Alper Yılmazla fərdi görüş keçirdiyi və ona mənəvi dəstək verdiyi qeyd olunur. Türkiyə millisinin üzvünün yaxın vaxtlarda əvvəlki formasına qayıdaraq komandanın hücum xəttində əsas oyunçulardan birinə çevrilməsi gözlənilir.

Barış Alper Yılmaz bu mövsüm “Qalatasaray”ın heyətində 7 rəsmi oyunda meydana çıxıb. O, həmin qarşılaşmalarda hələlik qol və məhsuldar ötürmə ilə yadda qalmayıb.

Qeyd edək ki, Barış Alper Yılmaz “Qalatasaray”da 212 rəsmi oyunda 37 qol vurub və 36 məhsuldar ötürmə verib. Onun hazırkı müqaviləsi 30 iyun 2028-ci ilə qədər qüvvədədir.