Xəbər verdiyimiz kimi, Valeh Feyruz oğlu Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib.
Metbuat.az xəbər verir ki, o, 1946-cı il oktyabrın 19-da Samux rayonunun Qarayeri qəsəbəsində anadan olmuşdur. Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun neft və qaz yataqlarının işlənməsinin texnologiyası və kompleks mexanikləşdirilməsi fakültəsini bitirmişdir. Əməkdar mühəndisdir. «Şöhrət» ordeni ilə təltif edilib.
Çoxsaylı elmi əsərlərin və ixtiraların müəllifidir. Rus və ingilis dillərini bilir. 1970-ci ildən «Permneft» birliyi «Kunqurneft» NQÇİ-də böyük mühəndis, növbə rəisi, sex rəisi, baş mühəndis, 1982-ci ildən «Permneft» Elmi Tədqiqat və Layihə İnstitutunda bölmə müdiri işləyib. 1985-ci ildən «Muradxanlı» NQÇİ-nin baş mühəndisi, idarə rəisinin müavini, 1987-ci ildən «Azərneft» Birliyinin baş mühəndisi, baş direktorunun müavini, 1992-ci ildən «Azərneft» Dövlət Konserninin vitse-prezidenti, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, şirkətin prezidentinin müşaviri olmuş, 1995–2005-ci illərdə ARDNŞ-nin Xarici Sərmayələr İdarəsinin rəisi vəzifəsində çalışıb.

2005-ci il noyabrın 6-da 102 saylı Samux-Şəmkir seçki dairəsindən deputat seçilib.
Hazırda Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədridir.
Evlidir, 4 övladı var.