Fransa Prezidenti Emmanuel Makron qiymət artımına qarşı kütləvi etirazlar zamanı baş verən iğtişaşları kəskin pisləyib və talanlarda, eləcə də dövlət müəssisələrinə hücumlarda iştirak edən şəxslərin məsuliyyətə cəlb olunacağını bildirib.

Metbuat.az xəbər verir ki, Fransa lideri bu barədə "X" sosial şəbəkəsindəki paylaşımında yazıb.

"Respublikamızda zorakılığa yer yoxdur. Talanlarda iştirak edən, prefekturalara və mağazalara hücum edən, o cümlədən meriya binalarında oğurluqla məşğul olan şəxslər məsuliyyətə cəlb ediləcək və cəzalandırılacaqlar", - Makron qeyd edib.

Prezident vurğulayıb ki, radikal düşüncəli aksiya iştirakçılarının hərəkətləri dinc nümayişçilərin öz tələblərini ifadə etməsinə mane olur. O, həmçinin hüquq-mühafizə orqanlarının əməkdaşlarına dəstəyini ifadə edərək, onları vətəndaşların nümayiş keçirmək hüququnun təminatçıları adlandırıb.

Fransanın daxili işlər naziri Loran Nünez isə iğtişaşlar zamanı ölkə üzrə azı 400 nəfərin saxlanıldığını bildirib. "Hazırda söhbət 400 saxlanılandan gedir. Lakin bu, yalnız ilkin məlumatdır", – nazir deyib.

Yanacağın bahalaşmasına və əhalinin alıcılıq qabiliyyətinin azalmasına qarşı kütləvi etiraz aksiyaları oktyabrın 17-də Fransanın müxtəlif şəhərlərində keçirilib.