Türkiyənin “Beşiktaş” klubunun kapitanı Orkun Kökçü zədələnib. Təcrübəli yarımmüdafiəçinin bir müddət yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, Orkun Kökçü “Hoffenhaym”la keçirilən qarşılaşmada zədələnib. Matçın ilk hissəsində ayağından xəsarət alan futbolçu fasilədən sonra meydana qayıtmayıb.
Müayinələr zamanı 25 yaşlı oyunçunun sağ ayağının alt hissəsində qismən plantar fassiya yırtığı və daban nahiyəsində zədələnmə aşkarlanıb. Futbolçunun müalicəsinə başlanılıb.
Türkiyə mətbuatının məlumatına görə, Orkun Kökçünün təxminən 2-3 həftə yaşıl meydanlardan kənarda qalacağı gözlənilir. Bu səbəbdən onun “Trabzonspor”, “Kristal Pelas” və “Başakşehir”lə qarşılaşmaları buraxmaq ehtimalı var. Ulduz futbolçunun sabah "Trabzonspor"la keçiriləcək dərbidə meydana çıxmayacağı ilə bağlı xəbər azarkeşlər arasında məyusluq yaradıb.
Futbolçunun meydana qayıdacağı dəqiq tarix isə hələlik açıqlanmayıb.