Avropa liderləri Rusiyanın dondurulmuş aktivlərindən Ukraynanın müdafiəsinin maliyyələşdirilməsi üçün istifadə etmək məsələsini yenidən gündəmə gətiriblər.

Metbuat.az xəbər verir ki, “The Sunday Times” qəzetinin məlumatına görə, Böyük Britaniyanın xarici işlər naziri Ed Milibend Varşavada keçirilən panel müzakirəsində Avropanın Rusiya aktivləri ilə bağlı mühüm qərarlar verməli olduğunu bildirib.

“Avropanı mühüm qərarlar gözləyir. Bunlara Rusiyanın suveren aktivləri məsələsi də daxildir. Düşünürəm ki, bu məsələyə yenidən qayıtmalıyıq”, – deyə Milibend qeyd edib.

Böyük Britaniya baş nazirinin ofisindən bildirilib ki, Rusiyanın Ukraynaya hücumları intensivləşməkdə davam etdiyi üçün baş nazir Ukraynanın müdafiəsini gücləndirmək məqsədilə beynəlxalq tərəfdaşlarla bir sıra variantları, o cümlədən Rusiyanın suveren aktivlərindən istifadə imkanını müzakirə edəcək.

Məlumata görə, London Avropa ölkələrində bu məsələyə münasibətin dəyişdiyinə ümid edir. Əvvəllər Rusiyanın dondurulmuş aktivlərindən istifadə təşəbbüsünə mane olan Macarıstanın artıq fərqli rəhbərlik altında olması da bu baxımdan diqqətə çatdırılır.

Bundan başqa, İsveç, Finlandiya və Almaniyanın Rusiyanın dondurulmuş aktivlərindən istifadə imkanını yenidən nəzərdən keçirmək istədiyi bildirilir.

Avropa Komissiyası isə Ukraynanın maliyyə ehtiyaclarını araşdırır və bundan sonrakı addımlarla bağlı mümkün variantları təqdim etməyə hazırlaşır.