Bakıda daşınmaz əmlak bazarında bahalaşma davam edir. Oktyabr ayında xüsusilə torpaq sahələri və yeni tikili mənzillərdə qiymət artımı daha qabarıq müşahidə olunub. Mövcud tendensiyanın ilin sonunadək davam edəcəyi, torpaq sahələrinin daha 7-8 faiz, mənzillərin isə təxminən 5 faiz bahalaşacağı proqnozlaşdırılır.

Bəs qiymət artımını şərtləndirən əsas amillər hansılardır və ilin sonuna qədər alıcıları hansı mənzərə gözləyir?

Metbuat.az xəbər verir ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc mövzu ilə bağlı Kredit.az-ın suallarını cavablandırıb:

Vüqar bəy, oktyabr ayında Bakının daşınmaz əmlak bazarında qiymət artımı qeydə alınıb. Bahalaşma hansı əmlak növlərində daha qabarıq müşahidə olunub və artımın əsas səbəbləri nələrdir?

Oktyabr ayının nəticələrinə əsasən, Bakıda yeni tikili mənzillərin qiymətləri 14,3 faiz, köhnə tikililərin qiymətləri 10,6 faiz, torpaq sahələrinin qiymətləri isə 17 faiz artıb. Bu göstəricilər paytaxt üzrə orta qiymət dinamikasını əks etdirir və bütün ərazilərdə eyni səviyyədə bahalaşma olduğu anlamına gəlmir.

Qiymət artımına bir sıra amillər təsir göstərir. Xüsusilə torpaq sahələrinin məhdudluğu, şəhərin əlverişli ərazilərində yeni torpaq sahələrinin tapılmasının çətinləşməsi və həmin ərazilərə tələbatın artması bahalaşmanı sürətləndirir.

Qiymət artımı Bakının hansı ərazilərində daha çox hiss olunur? Mərkəzlə Bakıətrafı ərazilər arasında fərq nə ilə bağlıdır?

Qiymət artımı paytaxtın bütün ərazilərində eyni deyil. Mərkəzi hissələrdə bahalaşma daha qabarıq müşahidə olunur, Bakıətrafı ərazilərdə isə artım nisbətən zəifdir.

Xüsusilə dənizkənarı ərazilərdə, istirahət üçün əlverişli məkanlarda və şəhər mərkəzində yerləşən torpaq sahələrinə tələbat yüksəkdir. Bu ərazilərdə torpaq ehtiyatlarının məhdud olması və yeni, əlverişli sahələrin tapılmasının çətinləşməsi qiymətlərin yüksəlməsinə təsir göstərir.

İlin sonuna qədər daşınmaz əmlak bazarında qiymət dinamikası necə olacaq? Daha hansı artımlar gözlənilir?

Mövcud tendensiyanın ilin sonuna qədər davam edəcəyi gözlənilir. Proqnozlara əsasən, ilin sonunadək torpaq sahələrinin qiymətlərində daha 7-8 faiz, mənzillərin qiymətlərində isə təxminən 5 faiz artım ola bilər.

Bu proqnoz mənzil bazarında aylıq orta hesabla təxminən 1,5-1,7 faizlik artım ehtimalına işarə edir. Bununla belə, qiymət dəyişiklikləri ərazidən, əmlakın xüsusiyyətlərindən və bazardakı tələb-təklif nisbətindən asılı olaraq fərqlənə bilər.

Yeni tikililərdə qiymət artımının səbəbləri nələrdir? Bəzi layihələrdə mənzillərin tikintinin ilkin mərhələsində, hətta kotlovan səviyyəsində yüksək qiymətlərlə satışa çıxarılması nə ilə əlaqədardır?

Yeni tikililərdə də qiymət artımı müşahidə olunur. Bəzi layihələrdə mənzillər tikintinin ilkin mərhələsində, hətta kotlovan səviyyəsində daha yüksək qiymətlərlə satışa çıxarılır.

Bunun əsas səbəbləri arasında tikinti materiallarının və digər xərclərin artması, eləcə də layihələrin maya dəyərinin yüksəlməsi göstərilir. Bu amillər tikinti şirkətlərinin satış qiymətlərinə təsir edir və yeni tikililərdə bahalaşmanı şərtləndirir.

İlin sonuna qədər mənzil və torpaq almağı planlaşdıran vətəndaşları hansı qiymət mənzərəsi gözləyir?

Mövcud proqnozlar torpaq sahələrində və mənzillərdə qiymət artımının davam edə biləcəyini göstərir. Xüsusilə tələbatın yüksək olduğu mərkəzi və dənizkənarı ərazilərdə torpaq sahələrinin bahalaşması ehtimalı daha yüksəkdir. Mənzil bazarında isə tikinti xərcləri və digər bazar amilləri qiymət dinamikasına təsir göstərməkdə davam edəcək.