İran və İraq hakimiyyəti İraq Kürdüstanında fəaliyyət göstərən İran kürdlərinə məxsus müxalif qruplaşmaların bölgədən çıxarılması və ya İrana təhvil verilməsi ilə bağlı razılığa gəlib.
Metbuat.az xəbər verir ki, bu barədə İranın İraqdakı səfiri Məhəmməd Kazım Əl-Sadiq açıqlama verib.
“The National” nəşrinin məlumatına görə, diplomat bildirib ki, tərəflər İranın separatçı və terrorçu hesab etdiyi qruplaşmaların İraq Kürdüstanından çıxarılması və ya İran hakimiyyətinə təhvil verilməsi barədə razılıq əldə ediblər.
Səfirin açıqlaması bazar ertəsi Bağdadda keçirilən İran-İraq təhlükəsizlik komitəsinin iclasından sonra səsləndirilib. Görüşdə 2023-cü ildə imzalanmış təhlükəsizlik sazişinin icrası, eləcə də həllini gözləyən məsələlər müzakirə olunub.
Qeyd edək ki, 2023-cü ilin martında Tehran və Bağdad arasında imzalanmış sazişə əsasən, İraq İran kürdlərinə məxsus müxalif silahlı qruplaşmaları tərksilah etməyi, onları sərhədyanı ərazilərdən uzaqlaşdırmağı və İraq ərazisindən İrana qarşı hücumların təşkilinə imkan verməməyi öhdəsinə götürüb.
Son dövrlərdə regionda yaşanan hərbi qarşıdurmalar fonunda İran və ona yaxın silahlı qüvvələr İraq Kürdüstanındakı təhlükəsizlik obyektlərinə dəfələrlə zərbələr endirib.
ABŞ mediası daha əvvəl İraq ərazisində yerləşən və Tehran hakimiyyətinə müxalif olan kürd qüvvələrinin İranda mümkün hərbi əməliyyatlara hazırlaşdığı barədə məlumat yayıb.
Lakin ABŞ Prezidenti Donald Tramp martın əvvəlində verdiyi açıqlamada kürd silahlı birləşmələrini İrana qarşı döyüş əməliyyatlarına cəlb etmək niyyətində olmadığını bildirib. O, bu addımın regiondakı vəziyyəti daha da mürəkkəbləşdirə biləcəyini vurğulayıb.