Fransada baş verən hadisələr “Qalatasaray”ın Çempionlar Liqası çərçivəsində “Lill”ə qarşı keçirəcəyi oyun öncəsi təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə səbəb olub. Türkiyə təmsilçisinin heyətini qorumaq üçün 1250-dən çox hərbçi və təhlükəsizlik əməkdaşının cəlb edilib.
Metbuat.az xəbər verir ki, Türkiyənin “Qalatasaray” klubu UEFA Çempionlar Liqasının üçüncü turu çərçivəsində Fransanın “Lill” komandası ilə səfərdə qarşılaşacaq. Oktyabrın 21-də keçirilməsi planlaşdırılan görüş öncəsi Fransada təhlükəsizlik tədbirlərinin genişləndirildiyi bildirilir.
Türkiyə mediasının Fransa mətbuatına istinadən yaydığı məlumata görə, bölgədə baş verən hadisələrdən sonra İstanbul təmsilçisinin təhlükəsizliyinin təmin olunması üçün xüsusi plan hazırlanıb.
Məlumata əsasən, “Qalatasaray”ın qalacağı otelin damında 6 snayperin yerləşdirilməsi nəzərdə tutulur. Bundan əlavə, Fransa Quru Qoşunlarının 250 xüsusi hazırlıqlı hərbçisi, eləcə də 1 000 nəfərlik Milli Jandarma və mühafizə qüvvələrinin təhlükəsizlik tədbirlərində iştirak edəcəyi qeyd olunur.
Xəbərdə komandanın mühafizəsi üçün ümumilikdə 1 256 nəfərlik təhlükəsizlik qüvvəsinin cəlb ediləcəyi bildirilir.
Qeyd edək ki, Fransanın şimalında, o cümlədən Lill şəhərinin də yerləşdiyi bölgədə baş verən hadisələr fonunda saat 20:00-dan səhər 06:00-dək komendant saatı tətbiq edilib.
Bütün bu tədbirlərə baxmayaraq, hazırda qarşılaşmanın təxirə salınması nəzərdə tutulmur. “Qalatasaray” - “Lill” matçının oktyabrın 21-də Bakı vaxtı ilə saat 21:45-də keçirilməsi planlaşdırılır.