Türkiyə millisinin yeni baş məşqçisi Sergen Yalçının imzaladığı müqavilənin detalları ilə bağlı diqqətçəkən məlumatlar yayılıb.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, 53 yaşlı mütəxəssis dördillik müqavilə çərçivəsində ümumilikdə 125 milyon Türkiyə lirəsi qazanacaq. Təcrübəli məşqçinin müqaviləsində diqqət çəkən digər məqam isə təzminat məbləğidir. Belə ki, o, vəzifəsindən ayrılacağı halda 52 milyon TL təzminat alacaq.

Qeyd edək ki, Türkiyə Futbol Federasiyası (TFF) Sergen Yalçın üçün imza mərasimi keçirməyə hazırlaşır. Tədbir federasiyanın Hasan Doğan Milli Komandalar Düşərgəsi və Təlim Mərkəzində təşkil ediləcək.

Futbolçu kimi Türkiyə millisinin formasını 37 dəfə geyinən Yalçın məşqçi karyerasında ilk dəfə milli komanda çalışdıracaq. O, 2020-2021-ci illər mövsümündə “Beşiktaş”la Türkiyə Super Liqasının və ölkə kubokunun qalibi olub.