Türkiyə, Qətər, Pakistan və İndoneziya arasında Dohada imzalanan “Bədr” anlaşması müdafiə sənayesində yeni əməkdaşlıq modelinin əsasını qoya bilər. Sazişin yalnız hərbi sahə ilə məhdudlaşmayacağı, texnologiya, maliyyə, birgə istehsal və Ar-Ge istiqamətlərində daha geniş tərəfdaşlıq imkanları yaradacağı gözlənilir.
Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi general-mayor Yücel Karauz Metbuat.az-a açıqlamasında bildirib ki, bu əməkdaşlıq qlobal müdafiə sənayesində yeni güc mərkəzinin formalaşmasına şərait yarada bilər. Ekspertin sözlərinə görə, anlaşmanın əsas üstünlüyü dörd ölkənin fərqli imkanlarının vahid strateji çərçivədə birləşdirilməsidir:
“Türkiyə texnologiya və müdafiə sənayesi üzrə mühəndislik imkanları, Qətər maliyyə gücü, Pakistan hərbi təcrübəsi, İndoneziya isə böyük bazarı və resursları ilə bu əməkdaşlığa ciddi potensial qazandırır”.
Onun fikrincə, bu model klassik hərbi ittifaqdan daha çox, müdafiə sənayesində strateji sənaye əməkdaşlığı xarakteri daşıya bilər.
“Burada birgə tədqiqat və inkişaf layihələri, texnologiya mübadiləsi, istehsal imkanlarının genişləndirilməsi və təchizat zəncirinin təhlükəsizliyi xüsusi əhəmiyyət kəsb edir. “Bədr” anlaşması Türkiyənin müdafiə sənayesi üçün xüsusilə Asiya-Sakit okean istiqamətində yeni imkanlar yarada bilər. İndoneziyanın böyük daxili bazarı Türkiyə şirkətlərinin Cənub-Şərqi Asiyada mövqelərinin gücləndirilməsi üçün mühüm platformaya çevrilə bilər. Bu baxımdan Aselsan, Roketsan, TUSAŞ və Havelsan kimi şirkətlərin regiondakı fəaliyyətinin genişlənməsi üçün yeni imkanlar yarana bilər”, - deyə Yücel Karauz bildirib.
Karauzun qiymətləndirməsinə görə, Qətərin kapital imkanları iri müdafiə layihələrinin maliyyələşdirilməsinə, Pakistanın hərbi-sənaye təcrübəsi isə birgə layihələrin inkişafına töhfə verə bilər.
İndoneziyanın isə həm böyük istehlak bazarı, həm də sənaye üçün əhəmiyyətli xammal potensialı ilə bu əməkdaşlığın iqtisadi tərəfini gücləndirə biləcəyi vurğulanır.
Ekspert hesab edir ki, tərəflərin imkanlarını birləşdirməsi yüksək texnologiyalı müdafiə sistemlərinin hazırlanması üzrə xərclərin bölüşdürülməsinə və daha geniş istehsal imkanlarının yaranmasına gətirib çıxara bilər.
Yücel Karauzun sözlərinə görə, “Bədr” anlaşmasının uzunmüddətli perspektivdə əhəmiyyəti onun hansı konkret layihələrə çevriləcəyindən asılı olacaq.
“Əgər bu əməkdaşlıq yalnız siyasi bəyanatlarla məhdudlaşmayaraq real birgə istehsal, Ar-Ge, texnologiya transferi və təchizat zənciri layihələri ilə müşayiət olunarsa, dörd ölkə arasında müdafiə sənayesində yeni və dayanıqlı ekosistem formalaşa bilər”, - deyə ekspert qeyd edib.