Türkiyənin “Fənərbağça” klubunda qış transfer pəncərəsi öncəsi ayrılıq planı gündəmə gəlib.

Metbuat.az xəbər verir ki, İstanbul təmsilçisi serbiyalı futbolçu Oqnyen Mimoviçlə yollarını ayırmağa hazirlaşır.

Məlumata görə, klub rəhbərliyi qış transfer dövründə əcnəbi futbolçu kontingentində yer açmaq məqsədilə 22 yaşlı sağ cinah müdafiəçisi üçün gələcək təklifləri dəyərləndirməyə hazırdır.

Mimoviç “Fənərbağça”ya Serbiyanın “Srvena Zvezda” klubundan 6,7 milyon avro qarşılığında transfer olunub. Lakin gənc futbolçu İstanbul təmsilçisinin əsas heyətində möhkəmlənə bilməyib.

O, daha əvvəl Rusiyanın “Zenit” və Kiprin “Pafos” klublarına icarəyə verilib. Cari mövsümdə isə komandada qalmasına baxmayaraq, hələlik meydana çıxmaq imkanı qazanmayıb.

“Fənərbağça” rəhbərliyinin futbolçu ilə bağlı təklifləri gözlədiyi bildirilir. Klubun əsas məqsədi heyətdə yer açmaq və qış transfer pəncərəsində komandanı gücləndirmək üçün imkanlarını artırmaqdır.

Mimoviçin gələcək karyerası ilə bağlı yekun qərarın transfer dövründə veriləcəyi gözlənilir.