Fransada həftəsonu keçirilməsi gözlənilən etiraz aksiyaları ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilib. Ölkə üzrə 70 min polis və jandarm əməkdaşı səfərbər olunub.
Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, Fransanın daxili işlər naziri Loran Nunez təhlükəsizlik qüvvələrinin mümkün iğtişaşların, vandalizm hallarının və qarətlərin qarşısını almaq üçün hazır vəziyyətə gətirildiyini bildirib. Əməliyyatlara çevik polis bölmələri, xüsusi təyinatlı dəstələr və polis hazırlığı keçən namizədlər də cəlb olunacaq.
Nazirin sözlərinə görə, dövlət və hökumət binalarının mühafizəsi gücləndiriləcək, mümkün təhlükələrə qarşı operativ müdaxilə təmin ediləcək. Etirazlar zamanı vəziyyətə nəzarət etmək üçün Jandarmanın Müdaxilə Qrupu (GIGN) və RAID xüsusi bölmələrinin də fəaliyyət göstərəcəyi bildirilir.
Nunez ötən həftəsonu baş verən zorakılıq və qarət hadisələrini xatırladaraq, bu cür halların təkrarlanmasına imkan verilməyəcəyini vurğulayıb. O, təhlükəsizlik qüvvələrinin vandalizmə və ictimai binalara hücumlara qarşı qətiyyətli davranacağını qeyd edib.
Təhlükəsizlik tədbirləri çərçivəsində Parisdə Luvr və Orse muzeyləri də daxil olmaqla, bir sıra muzey və turistik məkanların həftəsonu fəaliyyətini dayandıracağı bildirilib. Bəzi mağaza və müəssisələr də mümkün insidentlərə görə əvvəlcədən tədbirlər görüb.
Qeyd edək ki, oktyabrın 17-də Fransada həyat bahalılığına, yanacağın qiymətinə və sosial problemlərə qarşı keçirilən aksiyalar zamanı bir sıra şəhərlərdə zorakılıq, qarət və yanğın hadisələri baş verib. Həmin hadisələrlə əlaqədar 200-dən çox şəxs həbs olunub.