Oqtay Saral vəzifədən ayrıldığını təsdiqləyib.

Metbuat.az xəbər verir ki, türk jurnalist Talat Atilla Türkiyə Prezidentinin baş müşaviri Oqtay Saralın vəzifədən ayrıldığını təsdiqlədiyini bildirib.

Jurnalist bildirib ki, Sarala zəng edərək vəzifədən azad edilib-edilmədiyini soruşub:

“Bəli. Postlarımızda daimi deyilik. Hörmətli Prezidentimiz məni vəzifəyə gətirdi, onun göstərişi ilə ayrıldım. Heç kimdən incikliyim yoxdur”, - dedi.

“Azərbaycanla bağlı açıqlamalarınıza görəmi?” deyə soruşdum.

“Bəli, elə görünür”, – deyə cavab verdi. Ardınca bu ifadələri işlətdi:

“Əsas olan Türkiyə Cümhuriyyətidir. Əsas olan hörmətli Prezidentimizın uğurudur”.

Qeyd edək ki, Türkiyə KİV-də bir neçə saatdır Saralın vəzifədən uzaqlaşdırılması ilə bağlı xəbərlər yayılır.

18:27

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Oktay Saralın vəzifəsindən azad edildiyi barədə iddia yayılıb.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

İddialarla bağlı hələ ki rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, Oktay Saralın Azərbaycanda məktəbli geyim qaydaları ilə bağlı açıqlamasından sonra vəzifəsindən azad edildiyi bildirilir.