Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Oktay Saral vəzifəsindən ayrılıb. 2016-cı ildən bu vəzifəni icra edən Saralın gedişi Azərbaycanın ünvanına səsləndirdiyi ifadələrdən sonra gündəmə gəlib.
Metbuat.az xəbər verir ki, Saral oktyabrın 26-da sosial şəbəkə hesabında Prezidentin baş müşavirliyi vəzifəsindən istefa ərizəsini təqdim etdiyini açıqlayıb. O, jurnalist Talat Atillaya açıqlamasında vəzifədən ayrılmasının Prezident R.T.Ərdoğanın göstərişi ilə baş verdiyini təsdiqləyib. Saral qərara görə heç kimdən incik olmadığını bildirib.
Onun vəzifədən ayrılmasının Azərbaycan barədə səsləndirdiyi ifadələrlə əlaqəli olduğu qeyd olunur.
Oktay Saral kimdir?
Oktay Saral 1967-ci ildə Türkiyənin Trabzon vilayətinin Of rayonunda anadan olub. İbtidai və orta təhsilini Ofda, orta məktəb təhsilini isə Trabzonda alıb. Qaradəniz Texniki Universitetinin İnşaat mühəndisliyi fakültəsini bitirib.
Saral siyasi fəaliyyətinə yerli idarəetmə sahəsində başlayıb. O, 2004 və 2009-cu illərdə keçirilən bələdiyyə seçkilərində Of bələdiyyə sədri seçilib və 2009-2013-cü illərdə bu vəzifədə çalışıb.
2011-ci ildə Türkiyənin Ədalət və İnkişaf Partiyasından (AKP) İstanbul millət vəkili seçilən Saral həmin ildən 2015-ci ilədək Türkiyə Böyük Millət Məclisinin deputatı olub.
2016-cı ildən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri vəzifəsini icra edən Saral uzun müddət dövlət başçısının yaxın siyasi çevrəsində yer alıb.