Dünyada “öpüş xəstəliyi” kimi tanınan Epstein-Barr virusu (EBV) yenidən yayılmağa başlayıb. Xüsusilə son dövrlər boğaz ağrısı, yüksək hərarət və uzun müddət davam edən halsızlıq şikayətləri ilə müraciət edənlərin sayının artdığı bildirilir.
Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, tibbdə infeksion mononukleoz adlandırılan xəstəlik əsasən tüpürcək vasitəsilə yayılır. Virus yalnız öpüşmə zamanı deyil, eyni zamanda ortaq stəkan, çəngəl, su qabı və digər şəxsi əşyaların istifadəsi nəticəsində də ötürülə bilər.
Xəstəliyin ilkin əlamətləri bəzən adi soyuqdəymə ilə qarışdırılır. Ən çox rast gəlinən simptomlar arasında şiddətli boğaz ağrısı, yüksək hərarət, boyundakı limfa düyünlərinin şişməsi və davamlı yorğunluq yer alır. Bəzi hallarda halsızlıq həftələrlə, hətta aylarla davam edə bilər.
Məlumata görə, virus uşaqlarda simptomsuz və ya yüngül keçsə də, yeniyetmələr və böyüklərdə daha ağır fəsadlara səbəb olur. Bu səbəbdən mütəxəssislər şəxsi gigiyenaya diqqət yetirməyi və xəstəliyin əlamətləri müşahidə olunduqda həkimə müraciət etməyi tövsiyə edirlər.