“Qalatasaray”ın ulduz futbolçusu Leroy Sane ilə bağlı diqqətçəkən transfer iddiası ortaya çıxıb. Almaniyalı hücumçunun İstanbul təmsilçisindən ayrılaraq karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcəyi bildirilir.
Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının “Əl-Qadsiah” klubu 30 yaşlı futbolçunun xidmətində maraqlıdır. Bildirilir ki, klub rəhbərliyi qış transfer pəncərəsində Sane üçün rəsmi təklif irəli sürməyi planlaşdırır. Tərəflər arasında mümkün transferlə bağlı danışıqların gündəmə gələcəyi gözlənilir.
Qeyd edək ki, Leroy Sane bu mövsüm “Qalatasaray”ın heyətində gözlənilən performansı nümayiş etdirə bilməyib. Almaniyalı futbolçu meydana çıxdığı 7 rəsmi qarşılaşmada qol və məhsuldar ötürmə ilə yadda qalmayıb. Bu vəziyyət onun gələcəyi ilə bağlı müzakirələri daha da artırıb.
İddialara əsasən, İstanbul təmsilçisi futbolçunun çıxışını yaxından izləyir və qış fasiləsinə qədər göstərəcəyi performansı nəzərə alacaq. Sane ilə yolların ayrılması halında klubun onun əvəzinə “Kristal Pelas”ın futbolçusu İsmaila Sarrı transfer siyahısına daxil etdiyi də bildirilir.