Türkiyənin "Qalatasaray" klubu gənc futbolçu Aleksey Batrakovun müqavilə şərtlərini yeniləməyi və onun sərbəstqalma məbləğini 100 milyon avroya çatdırmağı planlaşdırır.

Metbuat.az yerli mediaya istinadən xəbər verir ki, İstanbul təmsilçisi mövsüm ərzində uğurlu çıxışı ilə diqqət çəkən 21 yaşlı yarımmüdafiəçini komandada saxlamaq niyyətindədir.

Məlumata görə, "Qalatasaray" rəhbərliyi hazırda 55 milyon avro olduğu bildirilən sərbəstqalma məbləğini 100 milyon avroya yüksəltmək istəyir. Bununla yanaşı, futbolçunun illik məvacibinin də artırılması nəzərdə tutulur.

Batrakovun meneceri Vladimir Kuzmiçev yaxın iki həftə ərzində İstanbula gəlməyi planlaşdırır. O, Türkiyə klubunun rəhbərliyi ilə görüş keçirərək futbolçunun gələcəyini və mümkün yeni müqavilə şərtlərini müzakirə edəcək.

Menecer bildirib ki, tərəflər arasında hələlik konkret danışıqlar aparılmayıb. Bununla belə, qarşıdakı görüşdə yeni müqavilə və sərbəstqalma məbləğinin müzakirəsi mümkündür.

Qeyd edək ki, Aleksey Batrakov mövsümün əvvəlində Moskva "Lokomotiv"indən 25 milyon avro qarşılığında "Qalatasaray"a transfer olunub. Onun İstanbul klubu ilə müqaviləsi 2031-ci ilin iyun ayına qədər qüvvədədir.