Filippinin Binalonan qəsəbəsində dedi-qodunun qarşısını almaq məqsədilə yeni qayda tətbiq edilib.
Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, paytaxt Maniladan təxminən 200 kilometr şimalda yerləşən qəsəbədə başqaları haqqında şayiə yayan şəxslər cərimələnəcək və ictimai işlərə cəlb olunacaq.
Yeni qaydalara əsasən, ilk dəfə dedi-qodu etdiyi müəyyən edilən şəxslər 200 Filippin pesosu, təxminən 3,8 dollar cərimə ödəməklə yanaşı, üç saat küçələrdə zibil toplamalıdır. Qaydanı təkrar pozanlar isə 20 dollaradək cərimə və səkkiz saat ictimai işlə cəzalandırılacaq.
Bələdiyyə sədri Ramon Guico bildirib ki, xüsusilə yay aylarında dedi-qodu halları artır. Onun sözlərinə görə, sakinlər kölgəliklərdə toplaşaraq başqalarının şəxsi həyatı, ailə münasibətləri və borcları barədə danışır.
Bələdiyyə sədri qərarın söz azadlığını məhdudlaşdırmaq məqsədi daşımadığını vurğulayıb. O qeyd edib ki, əsas məqsəd sakinləri böhtan və əsassız şayiələrdən qorumaq, eyni zamanda insanların söylədikləri sözlərə görə məsuliyyət daşımalarını təmin etməkdir.