"Qalatasaray"ın ulduz futbolçusu İlkay Gündoğanın komandadan ayrılacağı iddia olunur.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbul təmsilçisinin yarımmüdafiəçisi üçün Superliqanın digər klubu "Başakşehir" hərəkətə keçməyə hazırlaşır.

Məlumata görə, "Başakşehir" rəhbərliyi qış transfer pəncərəsində İlkay Gündoğanı heyətinə qatmaq istəyir. Təcrübəli futbolçunun "Qalatasaray"da kifayət qədər oyun şansı əldə edə bilməməsi bu transfer ehtimalını gücləndirən amillərdəndir.

2025-ci ilin yayında İngiltərənin "Mançester Siti" klubundan azad agent kimi transfer olunan Gündoğan əvvəlcə yeni komandasında yaxşı təsir bağışlasa da, sonradan zədə problemi yaşayıb. Bu səbəbdən o, əvvəlki formasını bərpa etməkdə çətinlik çəkib.

36 yaşlı yarımmüdafiəçi cari mövsümdə Türkiyə çempionatında cəmi 3 oyunda meydana çıxıb və ümumilikdə 64 dəqiqə oynayıb. UEFA Çempionlar Liqasında isə 2 matçda şans qazanan futbolçunun meydanda olduğu vaxt cəmi 10 dəqiqə təşkil edib.

Qeyd edək ki, İlkay Gündoğanın "Qalatasaray"la müqaviləsi mövsümün sonunda başa çatır. "Başakşehir"in qış fasiləsində bu keçidi reallaşdırmaq üçün addım atacağı gözlənilir. Lakin tərəflər arasında hələlik rəsmi razılaşma yoxdur.