Türkiyənin “Fənərbağça” klubu qış transfer pəncərəsində heyətini gücləndirmək üçün hazırlıqlara başlayıb. İstanbul təmsilçisinin baş məşqçisi Emre Belözoğlunun rəhbərlikdən müdafiə, yarımmüdafiə və hücum xətlərinə bir futbolçu olmaqla, ümumilikdə üç transfer həyata keçirməyi tələb etdiyi bildirilir.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, klubun transfer siyahısında “Strasburq”un müdafiəçisi Lukas Hoqsberq, “Botafogo”nun yarımmüdafiəçisi Danilo və “Real Madrid”in hücumçusu Endrik yer alıb.

Məlumata görə, müdafiə xətti üçün əsas namizəd 20 yaşlı danimarkalı Lukas Hoqsberqdir. Həm mərkəz müdafiəçisi, həm də sağ cinah müdafiəçisi mövqeyində oynaya bilən futbolçunun bu xüsusiyyəti Emre Belözoğlunun diqqətini çəkib. “Union Sen-Jilluaz”ın futbolçusu Massire Silla da namizədlər arasında olsa da, sağ cinah müdafiəçisi kimi çıxış edə bilməməsi Hoqsberqi daha əlverişli seçimə çevirib.

Yarımmüdafiə xəttinin gücləndirilməsi üçün isə Braziliyada çıxış edən Danilo və Andre nəzərdən keçirilir. “Botafogo”nun üzvü Danilo və “Korintians”ın yarımmüdafiəçisi Andre komandanın oyun tempini yüksəltmək, topun hücuma daha sürətli daşınmasını təmin etmək baxımından uyğun namizədlər hesab olunur.

Hücum xəttində əsas hədəf isə “Real Madrid”in braziliyalı futbolçusu Endrikdir. 20 yaşlı hücumçunun Madrid klubunda yetərincə oyun şansı qazanmadığı və yanvar ayında komandadan ayrılmağa müsbət yanaşdığı iddia edilir.

Bildirilir ki, “Fənərbağça” rəhbərliyi gənc futbolçunu satınalma öhdəliyi olmadan icarəyə götürmək niyyətindədir. Bu məqsədlə “Real Madrid”ə rəsmi təklif göndərilməsi planlaşdırılır.