Bir neçə gündür müşahidə olunan mülayim hava şəraitindən sonra noyabrın 15-i axşam saatlarından başlayaraq ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı gözlənilir.
Metbuat.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, şimal-qərb küləyinin arabir güclənəcəyi, havanın temperaturunun isə ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə enəcəyi proqnozlaşdırılır.
Bakıda və Abşeron yarımadasında noyabrın 16-sı gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Noyabrın 15-i axşam Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur.
Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, eyni zamanda Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi istisna olunmur.
Qeyri-sabit hava şəraitinin noyabrın 16-sı axşamadək davam edəcəyi gözlənilir.