“Qalatasaray”ın əfsanəvi futbolçularından olan Cevad Prekazi 69 yaşında vəfat edib. Serbiyanın paytaxtı Belqradda keçirilən mərasimlə son mənzilə yola salınan veteran futbolçu vəsiyyətinə uyğun olaraq tabutuna “Qalatasaray” və “Partizan” formalarının qoyulmasını istəyib.
Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, Prekazi ilə vida mərasimi onun karyerasında mühüm yer tutan “Partizan” klubunun stadionunda təşkil olunub. Mərasimdə mərhumun ailə üzvləri, yaxınları, keçmiş komanda yoldaşları, həmçinin “Qalatasaray”ın prezidenti Dursun Özbek, klubun vitse-prezidenti Sedat Artukoğlu və digər rəsmilər iştirak ediblər.
Prekazi sağlığında verdiyi açıqlamada hər iki klubun formasının dəfn zamanı tabutunda olmasını arzuladığını bildirmişdi. O, “Qalatasaray”ın həyatında xüsusi yer tutduğunu vurğulayaraq, vəfat etdiyi zaman bu klubun və “Partizan”ın formasının yanında olmasını istədiyini demişdi.
Vida mərasimində çıxış edən Sedat Artukoğlu futbolçunun illər əvvəl ifadə etdiyi son arzusunun unudulmadığını bildirib və “Qalatasaray” formasını ailəsinə və mərasim iştirakçılarına təqdim edib.