İngiltərədə cəmi 50 sterlinqə alınan köhnə “Android” telefon qeyri-adi davamlılığı ilə diqqət çəkib. İş yerində gözləmə musiqisi səsləndirmək üçün istifadə olunan cihaz 100 min saatdan çox işləyib. Bu isə 11 ildən artıq müddət ərzində telefonun yenidən başladılmadan fəaliyyət göstərməsi deməkdir.
Metbuat.az xəbər verir ki, maraqlı hadisə “Neowin” forumunda müzakirəyə çıxarılıb. Nəşrin təsisçilərindən Stiven Parker server və digər cihazları idarə edən istifadəçilərdən sistemlərinin nə qədər müddətdir yenidən başladılmadan işlədiyini soruşub. İstifadəçilərdən birinin paylaşdığı görüntüdə köhnə “Android” telefonun 100 min saatı keçən işləmə müddəti diqqət çəkib.
“InsaneNutter” adlı istifadəçinin sözlərinə görə, cihaz əvvəlcə iş yerində gözləyən müştərilər üçün musiqi səsləndirən böyük sənaye CD pleyerini əvəz edib. Bu məqsədlə telefon İngiltərədə “Vodafone” vasitəsilə təxminən 50 sterlinqə alınıb.
İstifadəçi öz telefonunda “CyanogenMod” əməliyyat sistemi ilə işləyən “Apollo” musiqi pleyerini çıxararaq həmin cihaza quraşdırıb. Daha sonra proqramı telefon sisteminə qoşaraq gözləyən müştərilər üçün musiqinin fasiləsiz səsləndirilməsini təmin edib.

Foto: InsaneNutter (Neowin Forums)
Hətta qulaqlıq kabelinin bağlantı yerində sabit qalması üçün telefonun korpusunun bir hissəsini də yonmaq lazım gəlib. Bundan sonra cihaz illərlə eyni musiqini təkrar səsləndirib.
Telefonun uzunmüddətli fəaliyyəti 2026-cı il iyunun 10-da iş yerinin ISDN telefon sistemindən VoIP texnologiyasına keçməsi ilə başa çatıb. Artıq cihaza ehtiyac qalmadığından istifadəçi onu ofisdə açıq vəziyyətdə saxlamağa qərar verib. Lakin bir müddət sonra telefon sıradan çıxıb.
“Neowin”in araşdırmasına görə, bu qədər uzun müddət fasiləsiz işləyən başqa “Android” telefonu nümunəsinə rast gəlinməyib. Digər oxşar nümunələrdə işləmə müddəti təxminən üç il olub.
Bununla belə, 100 min saatdan çox işləmə müddəti rəsmi dünya rekordu kimi təsdiqlənməyib.