Hindistanın Uttarakhand ştatının dağ kəndlərində arı pətəkləri həyətdə yox, evin divarının içindədir. Ev tikiləndə divarda düzbucaqlı boşluq saxlanılır, çöl tərəfdən arılar üçün dairəvi giriş açılır, içəri tərəfdən kiçik qapaq qoyulur.
Metbuat.az "Mongabay" nəşrinə istinadən xəbər verir ki, bu üsulla yerli növ olan Hindistan bal arısı (Apis cerana indica) saxlanılır. Boşluğun içini qadınlar gil və inək peyini ilə hamarlayır, qış aylarında arılara 2-3 həftədən bir amarant və ya çətənə toxumu unu verirlər. Arılar yalnız hava 10-13 dərəcə olanda bayıra çıxır.
Kumaun Universitetinin dosenti Nagma Parvin nəşrə deyib ki, bu arı növünün Uttarakhandda hələ də yaşamasının yeganə səbəbi qadınlardır.
Ənənə beton evlərlə birlikdə itir
Çamoli rayonunun 10 kəndində 210 arı ailəsi üzrə tədqiqat aparılıb. Nəticəyə görə, 1980-dən əvvəl tikilən evlərdə orta hesabla 11,2 divar pətəyi var, 2001-2010-cu illərdə tikilənlərdə 0,9, beton evlərdə isə heç biri yoxdur. Müşahidə olunan arı ailələrinin 81%-i köhnə evlərin divar pətəklərindədir.
Məhsul da azalıb
Ramni kəndində yaşayan 80 yaşlı Sarasvati Devi nəşrə deyib ki, əvvəllər bir pətəkdən 3 kiloqram bal alırdılar, indi 1-2 kiloqram alınır. Eyni kənddən Kanta Devi isə təmir zamanı ustanın girişi çox yuxarıda açdığını, nəticədə nə özlərinin pətəyə çata bildiyini, nə də arıların içəri girdiyini danışıb.
Qeyd edək ki, Mongabay Hindistan bal arısını yerli ekosistem üçün həlledici növ adlandırır. Təbiətdə yuva yerləri azaldıqca divar pətəkləri bu arıların əsas sığınacağına çevrilib.