Türkiyənin Ordu vilayətinin Ünye rayonunda 20 il əvvəl boşanan 93 yaşlı Emine Sarı və 92 yaşlı Mehmet Sarı yenidən ailə qurublar.

Metbuat.az Türkiyənin NTV telekanalına istinadən xəbər verir ki, Çatak məhəlləsində yaşayan cütlük yenidən evlənmək qərarına gələndən sonra bələdiyyə əməkdaşları sənədləşməni özləri aparıb. Cütlüyü evlərindən götürüb foto çəkdirib, nikah ərizəsini və sağlamlıq arayışını hazırlayıblar.

Nikah bazar ertəsi Ünye Bələdiyyəsinin Nikah Şöbəsində keçirilən mərasimdə bağlanıb. Nikahı bələdiyyə sədri Hüseyn Tavlı bağlayıb, şahidlər Ünye qaymaqamı Kemal Yıldız və Çatak məhəlləsinin muxtarı Havva Çetinkaya olub.

Tavlı mərasimdə deyib ki, yarım əsrlik keçmişi olan cütlük illər sonra yenidən bir araya gəlib. “Həyat bəzən insanları fərqli yollara aparsa da, sevginin, xatirələrin və birgə yaşanan illərin dəyəri heç vaxt itmir”, deyə o bildirib.

Qeyd edək ki, mərasim cütlüyün qonaqlarla birlikdə xatirə fotosu çəkdirməsi ilə başa çatıb.

Foto: Anadolu Ajansı