Kuala-Lumpur, 19 iyun, AZƏRTAC
Malayziyanın sahil mühafizəsinin yaydığı məlumata görə, bu ölkənin hərbi-dəniz qüvvələri dəniz quldurları tərəfindən ələ keçirilmiş yük gəmisini azad ediblər. Məlumatda qeyd edilir ki, tankerin 22 nəfərdən ibarət heyəti artıq təhlükəsiz şəraitdədir. Onlardan yalnız bir nəfər yüngül xəsarət alıb. Dəniz quldurları xilasedici qayığın köməyi ilə aradan çıxa biliblər.
Malakkadan Kuantana 6 min ton benzin aparan gəmi ilə əlaqə iyunun 11-də kəsilib. Gəminin göyərtəsində Malayziya, İndoneziya və Myanmadan olan 22 nəfər heyət üzvü olub. Rəngi və adı dəyişdirilmiş gəmi iyunun 18-də Komboca sahillərində havadan aşkar edilib. Tanker səkkiz silahlı tərəfindən ələ keçirilibmiş.
Beynəlxalq Dəniz Bürosunun məlumatına görə, Cənub-Şərqi Asiyada dəniz quldurları orta hesabla, iki həftədən bir neft tankerlərinə hücum edirlər. Belə hücumlar həmin regionu gəmiçilik üçün dünyada ən təhlükəli sahəyə çevirib.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kuala-Lumpur