Bakı, 14 iyul, AZƏRTAC
Belçika, Niderland, Malayziya, Avstraliya və Ukrayna BMT-nin Təhlükəsizlik Şurasını keçən il Donetsk vilayəti üzərində sərnişin təyyarəsinin qəzası ilə əlaqədar müstəqil təhqiqat aparmaq üçün beynəlxalq tribunalın yaradılmasına dəstək verməyə çağırıb.
AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, Belçika Xarici İşlər Nazirliyinin rəsmi məlumatında tribunalın “günahkarları məsuliyyətə cəlb etməyə” və “mülki aviasiyaya təhlükə yaradanlara qarşı mübarizə aparmağa” kömək edəcəyi deyilir.
Qeyd edək ki, bir qədər əvvəl BMT-nin Təhlükəsizlik Şurasında malayziyalı diplomatlar beynəlxalq tribunalın yaradılması və bu qəzada əli olanların cinayət məsuliyyətinə cəlb edilməsinə çağıran qətnamə irəli sürüblər.
Rusiyanın təşkilatdakı təmsilçisi Vitali Çurkin isə öz növbəsində bu sənədlərin perspektivini görmədiyini bildirib. “Tribunalı bir qırağa qoyub təhqiqatın nəticələrini gözləmək lazımdır. Ancaq bundan sonra məhkəmə işinin səmərəliliyini hansı yolla təşkil etməyi müzakirə etmək olar”, - deyə o bildirib.
Xatırladaq ki, “Malaysia Airlines” şirkətinə məxsus Boeing tipli sərnişin təyyarəsi Amsterdamdan Kuala-Lumpur şəhərinə uçarkən Donetsk vilayətinin Qrabovo kəndi üzərində qəzaya uğrayıb. Qəza zamanı təyyarənin göyərtəsində olan 283 sərnişin və 15 ekipaj üzvünün hamısı həlak olub.