Şirvan, 23 iyul, Mahir Babayev, AZƏRTAC
Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının qərargahında Azərbaycan milli mətbuatının 140 illik yubileyinə həsr olunanş mərasim keçirilib.
AZƏRTAC xəbər verir ki, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyətin nümayəndələri, “İşıq” qəzeti redaksiyasının kollektivi əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq dahi şəxsiyyətin xatirəsini ehtiramla yad ediblər.
Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Samit Abıyev yubiley münasibətilə media nümayəndələrini təbrik edib, onlara uğurlar arzulayıb. Vurğulayıb ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycan milli mətbuatının 140 illik yubileyi ölkəmizdə yüksək səviyyədə qeyd olunur. Böyük ziyalı, maarifpərvər alim Həsən bəy Zərdabinin misilsiz xidmətləri sayəsində 1875-ci ilin iyulun 22-də nəşrə başlayan “Əkinçi” qəzeti ilə milli mətbuatımızın əsası qoyulub. Həsən bəy Zərdabi əqidə dostları Mirzə Fətəli Axundzadə, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani, Seyid Əzim Şirvani və digər ziyalılarla birlikdə bu qəzet vasitəsilə cəhalətə qarşı mübarizə aparıb, xalqın maariflənməsi, qadınların hüquqlarının qorunması istiqamətində müxtəlif yazılarla çıxış ediblər.
S.Abıyev ümummilli liderimiz Heydər Əliyevin və Prezidenti İlham Əliyevin milli mətbuatımızın tərəqqisi istiqamətində həyata keçirdikləri siyasət nəticəsində əldə edilən uğurları tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Çıxış edənlər milli mətbuatın hazırkı vəziyyətindən, bu sahənin inkişafı istiqamətində görülən işlərdən danışıb, Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafı istiqamətində imzaladığı sərəncamlardan və ölkəmizin uğurla ev sahibliyi etdiyi “Bakı-2015” birinci Avropa Oyunlarının mətbuatımızda və yerli “İşıq” qəzetində işıqlandırılmasından söz açıblar.
Sonda yerli mətbuat nümayəndələri şəhər icra hakimiyyəti tərəfindən mükafatlandırılıb.
