Naxçıvan, 5 avqust, AZƏRTAC
Avqustun 5-də Naxçıvan Şəhər Şahmat Mərkəzində “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” şüarı ilə yeniyetmələr arasında şahmat üzrə şəhər birinciliyi keçirilib.
AZƏRTAC xəbər verir ki, yarışın açılışında Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov yarışın məqsədinin yay tətilində məktəblilərin asudə vaxtlarının daha səmərəli keçirilməsini təşkil etməkdən ibarət olduğunu bildirib.
Daha sonra Naxçıvan Şəhər Uşaq-Gənclər Şahmat Məktəbinin direktoru Emin Hacıyev yarışın qaydaları haqqında şahmatçılara məlumat verib və onlara uğurlar diləyib.
Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin və Naxçıvan Şəhər Uşaq-Gənclər Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 8-12 yaş qrupunda 60-a yaxın oğlan və qız şahmatçı iştirak edib. Yarış 7 turdan ibarət olub. Oğlanlar arasında Əbülfəz Məmmədli, Əli Həsənov və Əjdər Rzalı müvafiq olaraq 8, 10 və 12 yaş qrupunda, qızlar arasında isə Azərin Cəfərli, Azərin Məmmədli və Səma Sadiqova müvafiq olaraq 8, 9 və 10 yaş qrupunda I yerə layiq görülüblər.
Sonda hər yaş qrupunda I, II və III yerləri tutan idmançılara Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları təqdim olunub.
