Bakı, 6 avqust, Nihat Budaqov, AZƏRTAC
Malayziyanın Baş naziri Nəcib Reza Hind okeanındakı Fransaya aid Reunion adasında ötən həftə tapılan qanad parçasının itkin düşmüş bu ölkənin hava yollarının təyyarəsinə aid olduğunu açıqlayıb.
AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, nazir keçirdiyi mətbuat konfransında beynəlxalq mütəxəssislərin tapılan qanad parçasının MH370 səfər saylı itkin düşmüş Malayziya təyyarəsinə aid olduğunu təsdiqlədiklərini deyib. O, itkin təyyarənin Hind okeanının cənubuna düşdüyünün sübuta yetirildiyini bildirib.
Malayziya Hava yollarına aid MH370 səfər saylı “Boeing 777” tipli təyyarə 2014-cü il martın 8-də Kuala Lumpur-Pekin istiqamətində hərəkət edərkən 227 sərnişin və 12 təyyarə üzvü ilə yoxa çıxmışdı.