Bakı, 7 avqust, AZƏRTAC
Malayziya Hava Yollarına məxsus, bir ildən çox müddətdir itkin düşən təyyarənin yeni parçaları tapılıb.
AZƏRTAC Türkiyənin www.sabah.com.tr saytına istinadla xəbər verir ki, Malayziya səlahiyyətliləri Hind okeanındakı Reunion adası sahilində yeni tapılan pəncərə parçalarının və alüminium folqaların ötən il Kuala-Lumpurdan Pekinə uçan zaman radarlardan itən təyyarəyə aid olduğunu düşünürlər. Lakin qəti nəticə araşdırmalar başa çatdıqdan sonra müəyyənləşdiriləcəyi bildirilir.
Ötən il martın 8-də Kuala-Lumpurdan Pekinə uçan “Malaysia Airlines” şirkətinə məxsus təyyarədə itkin düşən 239 nəfərin cəsədləri hələ də Hind okeanının dərinliklərində axtarılır.