Kuala-Lumpur, 14 avqust, AZƏRTAC
Malayziyanın ötən ilin martında itmiş “Boeing” təyyarəsinin sərnişinlərinin qohumları Fransanın “Charlie Hebdo” jurnalının redaksiyasını kəskin tənqid ediblər. “The Star” qəzetinin məlumatına görə, buna səbəb jurnalın faciə ilə əlaqədar son vaxtlar baş verən hadislərlə barədə karikaturalar dərc etməsidir.
İtkin laynerin stüardessasının həyat yoldaşı Kelvin Şim qəzəbini belə ifadə edib: “Yəqin ki, müəlliflər həmin təyyarədə olmuş insanların qohumlarının hansı hissləri, kədəri keçirdiyini başa düşmürlər”.
Jurnalın dərc etdiyi karikaturalarla bağlı “Malaysia Airlines” şirkəti də Fransa hökumətinə şikayət ünvanlayıb. Bu jurnal Fransanın Reyunon adasında tapılan təyyarə qırıntıları ilə bağlı karikaturalar dərc edib. Həmin karikaturalar sosial şəbəkələrdə gərgin müzakirələrə səbəb olub. İnsanların əksəriyyəti jurnalın mövqeyi ilə bağlı narazılıq bildirib.
Xatırladaq ki, bir müddət öncə Fransanın Hind okeanındakı Reyunon adasında təyyarə qanadının parçası və heyət üzvlərindən və ya sərnişinlərdən birinə məxsus olan çamadan tapılıb. Mütəxəssislərin bildirdiyinə görə, qırıntı “Malaysia Airlines” şirkətinin 2014-cü ilin martında itmiş “Boeing-777-200” təyyarəsinə məxsusdur.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kuala-Lumpur