Kuala-Lumpur, 17 avqust, AZƏRTAC
Malayziyada ingilis dilində nəşr olunan nüfuzlu "New Strait Times" qəzeti Azərbaycanın dünya şöhrətli muğam ustası, xalq artisti Alim Qasımov haqqında "Qızıl səsi olan insan" ("Man with the golden voice") başlıqlı geniş məqalə dərc edib.
Məqalədə tanınmış muğam ifaçısı Alim Qasımovun Malayziyada ilk konsertinin keçiriləcəyi və bu məşhur ifaçının tamaşaçıları öz səsi ilə ovsunlayacağı bildirilib.
Alim Qasımovun "Bakı-2015" birinci Avropa Oyunlarının açılış mərasimindəki çıxışı barədə məlumat verilən məqalədə görkəmli muğam ifaçısının "uçan xalça"da Olimpiya stadionundakı sakit izdiham üzərindən səhnəyə gəlməsi və mahnısı ilə tamaşaçıları valeh etdiyi qeyd olunub. Sənətkarın möhtəşəm performansının yalnız peşəkar sənəti ilə bağlı olmadığı, həmçinin doğma vətəni Azərbaycanda ona olan böyük hörmətdən qaynaqlandığı vurğulanıb.
A.Qasımovun dünyanın dahi müğənnilərindən biri olduğu diqqətə çatdırılaraq, cari il sentyabrın 7-də "Diverse City 2015: Kuala-Lumpur" Beynəlxalq İncəsənət Festivalı çərçivəsində Azərbaycanın Malayziyadakı səfirliyinin tərəfdaşlığı ilə "Pusaka" qeyri-kommersiya təşkilatı tərəfindən Malayziyada onun ilk konsertinin keçiriləcəyi və paytaxt tamaşaçılarının sənətçiyə qulaq asmaq üçün nadir imkan əldə edəcəyi bildirilib.
A.Qasımovun öz dəst-xətti, ənənəsi, improvizasiya və sənətkarlığı sayəsində muğamın dünyada məşhurlaşmasına töhfələr verdiyi, onun müstəsna ustalığına dünyanın ən tanınmış musiqiçiləri tərəfindən yüksək qiymət verildiyi, o cümlədən islandiyalı bəstəkar-müğənni Bjorkun onu canlı korifey müğənni adlandırdığı qeyd olunub.
Onun 1995-ci ildə Fransada keçirilmiş festivalda tanışlıqdan sonra Jeff Buckley ilə duet oxuduğu, daha sonra violonçel ustası Yo Yo Ma ilə İpək Yolu layihəsində, iranlı kamança ustası Kayhan Kalhor ilə əməkdaşlıq etdiyi vurğulanıb.
Sənətkarın 1993-cü ildə Azərbaycanın gözəl səsi adlandırıldığı, xalq artisti adına və UNESCO-nun yüksək mükafatına layiq görüldüyü bildirilib.
Məqalədə daha sonra Azərbaycan haqqında məlumat verilərək, ölkəmizin Cənubi Qafqazda, Xəzər və Qara dəniz arasında yerləşdiyi, şimaldan Rusiya, cənubdan İran və cənubi şərqdən Türkiyə ilə həmsərhəd olduğu, əsrlər boyu saysız-hesabsız icmaların, dillərin və dinlərin bir-birinə qarışmasının ölkə mədəniyyətində əks olunduğu və bu xüsusi bölgənin Asiya və Avropa ilə sərhədlərə malik olduğu diqqətə çatdırılıb.
Məqalədə, həmçinin muğam sənətindən bəhs edilərək, onun Azərbaycanın ən mühüm musiqi ənənəsi olduğu, 2003-cü ildə UNESCO tərəfindən muğam sənətinin Bəşəriyyətin qeyri-maddi mədəni irsi kimi tanındığı bildirilib.
Bundan başqa Alim Qasımovun həyat və yaradıcılığı, qızı Fərqanə Qasımovanın sənətkarla birgə səhnədə performansı, həmçinin fransız etnomusiqişünası Jan Durinqin sənətkar haqqında dediyi ifadələr öz əksini tapıb.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri

Kuala-Lumpur
Malayziyanın nüfuzlu "New Strait Times" qəzetində Alim Qasımov haqqında məqalə dərc edilib